Peşə Təhsili Müəssisələrinə tələbə qəbulu mərkəzləşmiş və elektron ərizə forması vasitəsilə həyata keçirilir. Müraciətçilər portal.edu.az saytında qeydiyyatdan keçərək şəxsi səhifə yaradır, tələb olunan əvvəlki təhsil və digər zəruri məlumatları daxil edi
Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatlarının doğruluğu yoxlanıldıqdan sonra müraciətçinin orta attestat balı üzrə nəticələrinə əsaslanır.
Tələbə qəbulu prosesində müraciətçiyə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.
Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları peşə təhsili müəssisəsinə sənədlərin təqdim edilməsi üçün dəvət olunacaqlar.
Aşağıda qeyd olunan şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:
• valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər;
• I, II və III dərəcə əlilliyi olan şəxslər;
• şəhid ailəsinin üzvləri;
• 20 yaşına çatmamış və I dərəcə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər
Peşə təhsil müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.
Peşə təhsili pilləsi üzrə təhsil imkanı həm dövlət vəsaiti hesabına, həm də ödənişli əsaslarla yaradılır.
Dövlət təhsilalanların peşə təhsili səviyyələri üzrə peşə təhsili müəssisələrində dövlət hesabına yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.
Təhsil bazası Yüksək texniki peşə təhsili texniki peşə təhsili (tam orta təhsil almaqla) texniki peşə təhsili ilk peşə təhsili
Ümumi orta təhsil bazasından 4 illik* 3 illik 2 illik 1 illik
Tam orta təhsil bazasından 3 illik - 1 illik 6 aylıq
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət peşə təhsili müəssisələrində yalnız ödənişli əsaslarla təhsil ala bilər.
Dövlət vəsaiti hesabına təhsil alan tələbələrə təqaüd verilir.
Müsabiqədə iştirakınıza əvvəlki təhsil sənədləriniz əsasında baxılır. Burda yaş məhdudiyyəti yalnız ümumi orta təhsil bazasından müraciət edən tələbələr üçün 3 illik və 4 illik tədris qruplarına tətbiq edilir. Belə ki, bu qruplara yalnız son 3 il ərzində ümumi orta təhsilini başa vuran şəxslər müraciət edə biləcəklər.
Direktor və direktor müavini vəzifəsinə işə qəbul Agentlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı Agentlik tərəfindən müəyyənləşdirilərək elan edilir.
Müsabiqə elektron ərizələrin qəbulu, test imtahanı və müsahibə mərhələsi olmaqla 3 mərhələdən ibarətdir. Müsabiqə şəffaflıq, obyektivlik təmin edilməklə, mərkəzləşdirilmiş qaydada elektron sistem vasitəsilə həyata keçirilir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 28 iyun- 13 iyul tarixləri ərzində portal.edu.az saytında qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdırlar. Daha sonra şəxsi kabinetlərinə daxil olaraq “Peşə Təhsili Müəssisələrinə direktor müavinlərinin işə qəbulu” bölməsindən müraciət edə bilərlər.
Peşə müəssisələrində mövcud olan vakansiyalar zəruri məlumatlar qeyd olunmaqla Agentlik tərəfindən elektron sistemə daxil edilir və təsdiq edildikdən sonra müsabiqəyə çıxarılır.
Müsabiqədə iştirak edən namizədlər elektron ərizələrini doldurarkən vakansiya seçimi edirlər. Hər bir namizədin maksimum 5 vakant yer seçmək imkanı var.
Müsabiqə üzrə elektron sənəd qəbuluna 28 iyun 2022-ci il tarixində start veriləcəkdir. Elektron sənəd qəbulu portal.edu.az saytı vasitəsilə həyata keçiriləcək və 13 iyul 2022- ci il tarixinədək davam edəcəkdir.
Müsabiqənin test imtahanı mərhələsi müraciətlərin sayına əsasən Bakı şəhərində və ölkənin digər şəhər və rayonlarında (müraciət sayına əsasən) yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə təşkil ediləcək. Hər bir imtahan mərkəzində xüsusi karantin rejimi tələblərinə uyğun olaraq qüvvədə olan sanitar-epidemioloji tələblər nəzərə alınacaq, sosial məsafə və temperatur yoxlaması həyata keçiriləcəkdir. COVİD 19 simptomları müşahidə edilən namizədlər (yüksək hərarət və s.) imtahana buraxılmayacaqlar.
Diqqət! Namizədlər yaşadıqları şəhər və ya rayona ən yaxın imtahan mərkəzinə yönəldiləcəkləri üçün elektron qeydiyyatdan keçərkən “faktiki yaşadığı rayon/şəhər” xanasında hazırkı yaşayış yerini qeyd etməlidirlər.
Hazırda direktor və direktor müavini işləyən şəxslərin müsabiqədə iştirakına məhdudiyyət yoxdur.
Müsahibə mərhələsi zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndirilir. Müsahibə mərhələsində keçid balı 3 bal ilə müəyyən edilir.
Müsabiqənin nəticəsinə əsasən təyin edilmiş direktor müavini ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi halda digər peşə təhsili müəssisəsinə yerdəyişməsinə Agentlik tərəfindən baxıla bilər.
Müsahibəyə çağırılan namizədlər tələb olunan tarixdə şəxsi işlərini (elektron ərizənin surəti, diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası və elektron ərizədə göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti) müsahibə komissiyasına təqdim edirlər.
Müsahibə mərhələsi bitdikdən sonra nəticələrin elan olunması gözlənilir.
Müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində Agentlik tərəfindən təşkil edilmiş apellyasiya komissiyası tərəfindən baxılır.
Tədris-istehsalat üzrə direktor müavini vəzifəsi üzrə müsabiqədə ali pedaqoji və yaxud müəssisənin profilinə uyğun ixtisas və idarəetmə sahəsi üzrə ali təhsilli, 3 ildən az olmayaraq ixtisasına uyğun sahədə əmək stajı və ya pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.
Tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə müsabiqədə ali təhsilli, pedaqoji sahədə 3 ildən az olmayaraq əmək stajı olan şəxslər iştirak edə bilərlər.
İnzibati təsərrüfat üzrə direktor müavini vəzifəsi üzrə müsabiqədə ali və ya orta ixtisas təhsilli, inzibati-təsərrüfat işlərində təcrübəsi olan şəxslər iştirak edə bilər.
Məhkumluğu ödənilməmiş və ya götürülməmiş, eləcə də məhkəmənin qərarına əsasən, yaxud sağlamlığı ilə əlaqədar pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslər direktor müavini vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak edə bilməzlər.
Test imtahanı mərhələsində namizədlərə təhsil, peşə və əmək qanunvericiliyi, idarəetmə və məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim olunur.
Bir vakant yerə iki və daha artıq eyni bal toplamış namizəd olduqda, onların elekton ərizələrindəki göstəriciləri araşdırılmaqla və test imtahanından topladığı bal nəzərə alınmaqla müvafiq qərar verilir.
Namizədlərin vakant yerlərə yerləşdirilməsi müsahibə mərhələsinin nəticəsinə əsasən seçim ardıcıllığı nəzərə alınmadan aparılır.
Müsabiqənin nəticəsinə əsasən vakant direktor müavini vəzifəsini tutmuş namizədlə peşə təhsili müəssisəsinin təqdimatı əsasında Agentlik tərəfindən bir il müddətinə əmək müqaviləsi bağlanılır. Əmək müqaviləsinin müddəti başa çatdıqdan sonra bir illik fəaliyyət barədə hesabat Agentliyə təqdim olunur və müvafiq müsahibə keçirildikdən sonra şəxslə bağlanmış əmək müqaviləsinin müddəti uzadıla, müddətsiz əmək müqaviləsi bağlanıla və ya ləğv edilə bilər.
Müsabiqənin nəticəsinə əsasən müsahibədən keçid balını toplamış, lakin təyinat almayan namizədlər ehtiyat kadrlar siyahısına daxil edilir. Ehtiyat kadr statusunda qalma müddəti 2 (iki) ildir. Ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər müəyyən olunmuş müddət ərzində yaranmış vakant yerlərə yerləşdirilə bilərlər.
Qəbul namizəd tərəfindən təqdim edilən məlumatların müsabiqənin şərtlərinə uyğunluğu müsabiqə komissiyası tərəfindən yoxlanılıb təsdiq edildikdən sonra, test imtahanı və müsahibədə göstərdiyi nəticələrə əsasən həyata keçirilir.
Nəticələr portal.edu.az saytında vətəndaşın şəxsi kabinetində yerləşdirilir və sms vasitəsilə vətəndaşa göndərilir.
Müsabiqənin test imtahanı və müsahibə mərhələsi ilə bağlı proqram rəsmi səhifəyə yerləşdirilmişdir.
2021-2022-ci tədris ilindən etibarən peşə təhsilinə fasilə verən tələbələrin bərpası elektron qaydada həyata keçirilir. Peşə təhsili müəssisələrində təhsilini yarımçıq saxlayan şəxslər yenidən təhsillərini davam etdirmək üçün “portal.edu.az” platformasında qeydiyyatdan keçdikdən sonra “Təhsilin bərpası” xidmətindən istifadə edərək müraciət edə bilərlər.
İlk növbədə, diplomu və diploma əlavəni itirən şəxs ərizə ilə təhsil müəssisəsinin rəhbərinə müraciət etməlidir. Ərizəyə sənədin axtarışda olması barədə məlumat və “Azərbaycan müəllimi” qəzetində verilən elan əlavə olunur. Elanda şəxsin soyadı, adı, atasının adı, itirilmiş diplomun, əlavənin və sertifikatın adı, seriyası və nömrəsi, onu verən təhsil müəssisəsinin adı, diplomun və sertifikatın verilmə tarixi göstərilməlidir. Təhsil müəssisəsi həmin ərizəyə əsasən 15 gün müddətində diplomun və diploma əlavənin dublikatını verir. Təhsil müəssisələrində diplomun və diploma əlavənin dublikatı arxiv sənədləri (əmr, dövlət buraxılış imtahan komissiyasının protokolu, təhsil sənədlərinin verilməsinin qeydiyyat kitabı və s.) əsasında verilir. Diplomun və diploma əlavənin, sertifikatın və ya onların dublikatlarının hazırlanması və verilməsinə görə diplom alanlardan heç bir ödəniş tələb edilə bilməz.
Vətəndaş peşə təhsili alması və peşə təhsili sənədinin apostil edilməsi ilə bağlı arayışları əldə etmək üçün Peşə Təhsili üzrə Dövlət Agentliyinin arxivinə ərizə ilə müraciət etməlidir. Vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.
Qeyd: Hazırda peşə təhsili müəssisələrində təhsilalanlar “portal.edu.az” platformasında qeydiyyatdan keçdikdən sonra “Arayış əldə etmək üçün müraciət” xidmətindən istifadə edərək müraciət edə bilərlər.
Vətəndaşlar qəbula yazılmaq üçün Peşə Təhsili üzrə Dövlət Agentliyinin Çağrı Mərkəzi - 146 (7) nömrəsinə zəng edərək müraciət etməlidirlər.
Vətəndaş qəbulu günləri aşağıdakı kimidir:
Ümumi qəbul:
- Hər ayın ilk üç həftəsinin çərşənbə günü, saat 11:00
Direktor qəbulu:
- Hər ayın sonuncu həftəsinin çərşənbə günü, saat 11:00