Yenidən qurulan TV studiyanın açılışı olub
17
05 2023
news image

17 may tarixində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində TV studiyanın açılış mərasimi baş tutub. Açılış mərasimində Elm və Təhsil nazirinin müavini İdris İsayev, Aİ və BMTİP-dən  nümayəndələr və başqa rəsmi qonaqlar iştirak ediblər.

Qonaqlara məlumat verilib ki, televiziya studiyası kameralar və işıqlandırma vasitələri, səs yazma cihazları və müvafiq köməkçi alətlər daxil olmaqla media sənayesində mövcud olan ən son texnologiyalarla təchiz edilib. Studiyada sinif otağı, səsyazma studiyası, peşəkar video montaj bölümləri, prodüser otağı və 115 kvadrat metr çəkiliş sahəsi təklif edən tam səs keçirməyən  divarlar mövcuddur. Studiya video çəkmə, səsyazma, işıqlandırma, makyaj, eləcə də yaradıcı tədbirlərin təşkili ilə bağlı müxtəlif peşələrə yiyələnmək üçün inklüziv öyrənmə mühiti və imkanlar təqdim edir.  müasir və qabaqcıl öyrənmə məkanı təmin etməklə, studiya tələbələrə və digər istifadəçilərə yaradıcı sənaye məhsulları istehsal etmək və peşə bacarıqlarını təkmilləşdirmək üçün dəstək olmaq məqsədi daşıyır. TV studiyanın rəqəmsal öyrənmə resurslarının inkişafı üçün bir mərkəzə çevrilməsi hədəflənir. Bununla yanaşı  yaradılan studiyanın müxtəlif sağlamlıq imkanlarına malik şəxslərin təlim imkanlarına dəstək verməsi gözlənilir.

Tədbirdə çıxış edən İdris İsayev son illər ölkə miqyasında peşə təhsilinin inkişafı istiqamətində atılan addımlara diqqət çəkib və yaradıcı sənaye üçün kadr hazırlığının əhəmiyyətini vurğulayıb. BMTİP-nin Rezident Nümayəndəsi səlahiyyətlərini icra edən Nuno Queniros isə qeyd edib ki, praktik və bazarın tələblərinə əsaslanan bilikləri öyrənilməsi üçün belə məkanların yaradılması olduqca əhəmiyyətlidir.

 Qeyd edək ki, yenidənqurmaya dəstək fəaliyyətləri, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.