Türkiyə Respublikasını təmsil edən nümayəndə heyəti ilə görüş keçirilib
30
05 2023
news image

Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirəsi, həmçinin iki ölkə arasında ortaq olaraq qurulacaq peşə təhsil müəssisələrinin tədris olunacaq 5 ixtisas qrupu üzrə proqramların yerli şəraitə uyğunlaşdırılmasına dəstək məqsədilə qardaş ölkənin Milli Təhsil Nazirliyinin nümayəndələri ölkəmizdə səfərdədirlər. Qonaqlar səfər çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyində olublar. Görüş zamanı qonaqların diqqətinə çatdırılıb ki, Azərbaycanda peşə təhsilinin inkişafı dövlət siyasətinin bir hissəsi olaraq daim prioritet məsələ olaraq qəbul edilir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov iki ölkə arasında peşə təhsili sahəsində davam edən əməkdaşlığın, qarşılıqlı təcrübə mübadiləsinin və müxtəlif istiqamətlərdə həyata keçirilən tədbirlərin peşə təhsilinin inkişafı baxımından olduqca əhəmiyyətli olduğunu vurğulayıb. Agentlik rəhbəri qeyd edib ki, Bakı və Qəbələdə iki ölkənin birgə töhfələri ilə fəaliyyət göstərəcək peşə təhsil müəssisələrinin qısa zamanda istifadəyə verilməsi və uyğun tədris proqramlarının hazırlanması əsas hədəfimizdir. Nümayəndə heyətinin rəhbəri Nazan Şener isə bildirib ki, peşə təhsili sahəsində iki tərəfli əməkdaşlığın ən vacib məqamlarından biri də müəllimlərin qarşılıqlı şəkildə ixtisasartırma təlimlərinə cəlb edilməsidir.

      Daha sonra qonaqlar Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olublar. Mərkəzdə yaradılan şərait haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, peşə təhsil müəssisəsində əsasən İKT, avtomobil, mexanika, sənaye istiqamətlərinə aid ixtisaslar tədris olunur və Koreya ekspertləri tərəfindən hazırlanan və  milli təhsil sisteminə uyğunlaşdırılan təhsil proqramları tətbiq olunur. Tədris otaqları və emalatxanalarla tanış olan nümayəndə heyəti müxtəlif ixtisaslarda dərs prosesinin gedişi ilə tanış olublar. Səfər çərçivəsində nümayəndə heyətinin iştirakı ilə müxtəlif sektorları təmsil edən işəgötürənlərlə dəyirmi masaların təşkili də nəzərdə tutulur.

     Qeyd edək ki, 2021-ci ildə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” imzalanıb. Sözügedən sənəd iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyə təcrübəsinin öyrənilməsini, Qəbələ və Bakıda Türkiyə təcrübəsi əsasında yeni peşə təhsil müəssisələrinin qurulmasını özündə ehtiva edir.