Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib.
Elm və təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevə mərkəzdə yaradılan şərait barədə məlumat verib. Ən müasir infrastruktur, maddi-texniki baza ilə təchiz olunan mərkəzin ərazisində 25 sinif otağı, 3 laboratoriya, 13 emalatxana, informatika kabineti, STEAM Mərkəzi, praktiki məşğələ otağı, kitabxana, 252 yerlik akt zalı, 128 yerlik yeməkxana, idman zalları və meydançaları, avtotəmir binası, maldarlıq ferması və digər köməkçi binalar yerləşir.
Peşə Təhsil Mərkəzində qənnadıçı, şirniyyatçı, dərzi, kompüterlərin təmiri və xidməti üzrə texnik, mühasibat uçotu, qrafik dizayner, veb-dizayn və proqram təminatı, çilingər-santexnik, geniş profilli traktorçu-maşinist, elektrik montyoru, bərbər-vizajist-manikürçü, avtomobillərin təmiri çilingəri, avtomobil sürücüsü, mebel ustası istiqamətləri üzrə mütəxəssis hazırlığı aparılacaq.
Eyni zamanda, kənd təsərrüfatı mütəxəssislərinə artan tələbatı nəzərə alaraq bu sahə üzrə tədrisə xüsusi diqqət yetirilib. Müəssisədə kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer, bitkiçilik, heyvandarlıq və baytarlıq üzrə mütəxəssislər də hazırlanacaq.
Qeyd edək ki, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin istifadəyə verilməsi bölgələrdə gənclərin yeni tələblərə uyğun bilik və bacarıqlara yiyələnməsinə, eləcə də məşğulluq məsələlərinin həllinə xidmət edəcək.