“Müxtəlif sahələrdən olan işəgötürənlərlə sıx əməkdaşlığın qurulması peşə təhsilinin inkişafının təmini üçün əsas prioritetlərimiz sırasındadır”. Bu fikirləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov Avropa İttifaqı, Peşə Təhsili üzrə Dövlət Agentliyi, BMT-nin İnkişaf Proqramı, Azərbaycan Hotellər Assosiasiysı və Hilton Baku hotelinin təşkilatçılığı ilə keçirilən “Dual peşə təhsil proqramı”nın yekunlarına həsr olunmuş tədbirdə səsləndirib. Sözügedən təşəbbüsün əsas məqsədi ötən tədris ilində iş yerində öyrənmə modelinin tətbiqinə dair nəticələrlə bütün maraqlı tərəfləri məlumatlandırmaq, işəgötürənlərlə və peşə təhsil müəssisələrinin pedaqoji heyəti ilə növbəti addımları müzakirə etmək olub.
Tədbirdə İKT, turizm, sənaye kimi bir çox sahələri əhatə edən işəgötürən müəssisələrin və tərəfdaş qurumların nümayəndələri, peşə təhsil müəssisələrinin mühəndis pedaqoji heyəti, həmçinin ötən tədris ili ərzində dual peşə təhsil proqramı çərçivəsində təhsil almış məzunlar iştirak ediblər. Qonaqlara məlumat verilib ki, 2022/2023-cü tədris ili ərzində 760 tələbə 70-dən çox işəgötürənlə əməkdaşlıq çərçivəsində dual peşə təhsil proqramına cəlb edilib. Onlardan 200-ü artıq işlə təmin edilib. Bildirilib ki, növbəti il üçün sözügedən proqram çərçivəsində təhsil alan tələbə sayının 1000 nəfərə çatması planlaşdırılır.
Tədbirdə çıxış edən tərəfdaş qurumların, eləcə də işəgötürən müəssisələrin nümayəndələri isə bu proqramın tələbələrin iş mühitinə çevik adaptasiyası baxımından olduqca böyük rol oynadığını və davam etdirilməsinin labüd olduğunu vurğulayıblar. Tədbirin sonunda proqramın icrası zamanı fərqlənən işəgötürən tərəfdaşlara təşəkkürnamələr təqdim edilib.
Qeyd edək ki, ötən tədris ilində 15 peşə təhsili müəssisəsində icra olunan Dual peşə təhsili proqramı çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Almaniyanın "Bildungswerk der Baden-Württembergischen Wirtschaft e. V." təşkilatı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), həmçinin Dövlət Turizm Agentliyi, Turizm Bürosu, Hotellər Assosiasiyası, Bacarıqlı Ol layihəsi ilə əməkdaşlıq edib.
Tədbirin təşklinə Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi dəstək verib.