Təhsil sahəsində ixtisaslaşan "Education HUB" tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində 2023-cü ilin fevral ayından etibarən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” təşəbbüsü həyata keçirilir.
İyunun 3-də Qəbələ rayonunda hər 2 peşə təhsil müəssisəsinin tələbələri “Layihə ideyalarının təqdimatı” adlı sonuncu təlim üçün bir araya gəliblər. İştirakçılar təşəbbüs ideylarını plana əsasən hazırlayaraq təqdim ediblər.
Tələbələr növbəti 3 ay ərzində ümumilikdə 6 təşəbbüs həyata keçirməyi planlaşdırırlar. Təşəbbüslər gənclərin asudə vaxtlarının təşkilinə, regionda turizm imkanlarının təşviqi, gənclər arasında qiraətə marağın artması, həmçinin region mətbəxinin tanıdılmasına yönəlib. Bu təşəbbüslərin icrasında layihə komandalarına mentor dəstəyi də göstəriləcək.
Qeyd edək ki, təşəbbüs Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Təqaüd proqramı (Eastern Partnership Civil Society Facility) çərçivəsində həyata keçirilir.