“Bir Peşənin Sirri” festivalı keçirilib
10
06 2023
news image

10 iyun tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyi, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının birgə əməkdaşlığı ilə Dənizkənarı bulvarda ictimaiyyətə açıq “Bir Peşənin Sirri” festivalı keçirilib.

Festival öz işini rəsmilərin çıxışı ilə başlayıb. Çıxışlar zamanı peşə təhsilinin ölkənin inkişafındakı strateji rolundan, gənclərin məşğulluğunun və peşə təhsilinə olan marağın artırılması istiqamətində görülən işlərdən söz açılıb.

Festivalda qonaqlara Bakı və müxtəlif regionları təmsil edən peşə təhsil müəssisələrinin turizm, mədəniyyət, sənaye, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər nümayiş etdirilib. Bununla yanaşı tədbir iştirakçıları üçün WorldSkills Azerbaijan platforması və STEAM Azerbaijan layihəsi çərçivəsində əyləncəli oyunlar, viktorinalar keçirilib. Peşə təhsil müəssisələri tərəfindən keçirilən yarışların qalibləri dəyərli hədiyyələrlə mükafatlandırılıb. Həmçinin tədbir iştirakçıları müxtəlif peşələrin sirri ilə bağlı maraqlı məlumatlar əldə ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd peşə təhsilinin əhatə dairəsini daha da genişləndirmək, gənclərin, valideynlərin o cümlədən bütün maraqlı tərəflərin bu prosesə cəlb edilməsini təmin etməkdir.

“Bir Peşənin Sirri” festivalına bu il də Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi dəstək verir. Tədbirin tərəfdaşı Dənizkənarı bulvar İdarəsidir. Festivalın media tərəfdaşı isə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətidir.