28 aprel tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalı redaksiyasının təşkilatçılığı ilə “Heydər Əliyev dayanıqlı Azərbaycan peşə təhsilinin yaradıcısıdır” adlı tədbir keçirilib. “Heydər Əliyev ili”nə həsr olumuş tədbirin əsas məqsədi Heydər Əliyevin peşə təhsilinin inkişafındakı roluna diqqət çəkmək, Ulu öndərin təhsil, eləcə də peşə təhsili sahəsində gördüyü işlərin təhlili və bu sahədə aparılan islahatların Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsini işıqlandırmaq olub.
Tədbirdə Azərbaycan Respublikası Təhsil İnstitutunun və Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının, müxtəlif universitet və peşə təhsil müəssisələrin nümayəndələri iştirak ediblər.
Peşə Təhsili üzrə Dövət Agentliyinin direktoru vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov açılış çıxışında Ulu öndərin peşə təhsilinin inkişafında oynadığı böyük rola diqqət çəkib. Daha sonra jurnalın baş redaktoru Şahbaz Balakişiyev tərəfindən “Heydər Əliyev dayanıqlı Azərbaycan peşə təhsilinin yaradıcısıdır” mövzusuna həsr edilmiş təqdimat və Ulu Öndərin həyat yoluna işıq salan video-çarx da tədbir iştirakçılarına təqdim olunub. Təqdimatda ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafındakı misilsiz xidmətləri, peşə təhsili sahəsində gördüyü işlər, eləcə də bu il yaranmasının 180 ili tamam olan peşə təhsilinin tarixi də öz əksini tapıb.
Təqdimatdan sonra tədbir iştirakçıları çıxış edərək Ulu Öndərin dəyərli irsinin həmişə xalqımız üçün gərəkli olduğunu və gələcək nəslin bu irsdən səmərəli bəhrələnəcəyindən əmin olduqlarını qeyd ediblər.