Peşə təhsil müəssisələrinin tələbələri Almaniyada beynəlxalq təcrübə proqramında iştirak hüququ qazanıblar
18
04 2023
news image

      Peşə Təhsili üzrə Dövlət Agentliyi, Almaniya Sparkassenstiftung Fondu və Agri Kontakte təşkilatının  birgə əməkdaşlığı çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Bərdə peşə liseyinin bir qrup tələbəsi “Almaniyada Beynəlxalq Kənd Təsərrüfatı Təcrübə Proqramında” iştirak edəcəklər. Təcrübə proqramının əsas məqsədi Almaniya və tərəfdaş ölkələr arasında ikitərəfli əlaqələrin inkişafı, eyni zamanda Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına töhfə verməkdən ibarətdir.

      18 aprel tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyində təcrübə proqramına qatılacaq tələbələrlə görüş keçirilib. Bildirilib ki, ölkəmizdə peşə təhsili sahəsində ilk olaraq tətbiq edilən bu təşəbbüs tələbələrin peşəkar inkişafında mühüm rol oynayacaq.

      Artıq təşkilatın nümayəndələrinin iştirakı ilə bitkiçilik mütəxəssisi, heyvandarlıq mütəxəssisi, bağban dekorator, aqroservis mütəxəssisi, geniş profilli traktorçu-maşinist kimi kənd təsərrüfatı ixtisaslarında təhsil alan tələbələrin müsahibəsi həyata keçirilib. Müsahibədən uğurla keçən 11 tələbə 19 aprel 2023-cü il tarixindən etibarən Almaniyada gənc fermerlər üçün 8 aylıq kənd təsərrüfatı təlimi proqramına cəlb olunacaqlar.

    Qeyd edək ki, səfərə hazırlıq məqsədilə tələbələrimiz alman dili kurslarına cəlb olunub və kursu müvəffəqiyyətlə bitiriblər. Eyni zamanda onlara müvafiq istiqamətdə bir sıra təlimlər keçirilib.