Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının (BMTİP) Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirdiyi “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində baş tutan tədbirin məqsədi peşə təhsil müəssisələrində kommunikasiya və təşviqat işlərini yerinə yetirən məsul şəxsləri sahə üzrə müasir yanaşmalarlar tanış etmək və onların iş potensialını gücləndirməkdir. Tədbirdə paytaxtda, həmçinin Bərdə, Cəlilabad, Gəncə, İsmayıllı, Qax, Qəbələ, Göygöl və Qusarda yerləşən peşə təhsili müəssisələrinin 17 nəfər kommunikasiya mütəxəssisi, təlimçilər və əlaqədar təşkilatçı tərəflərin nümayəndələri iştirak ediblər.
Təlimlərdə peşə təhsilinin nüfuzunun artırılması, sahə üzrə təşviqat və ictimaiyyətlə əlaqələrin qurulması yönündə fəaliyyətlərlə bağlı iştirakçılara məlumat verilib. Tədbirdə reklam və brendləşmənin önəmi, təhsilin müxtəlif hədəf qruplarına təqdimatı, marketinq planlaması, eləcə də sosial media platformalarında məzmun yaradıcılığı müzakirə edilib. İştirakçılar, həmçinin tələbə qəbulu üzrə hədəflərlə tanış olaraq öz təşviqat hazırlıqlarını nəzərdən keçiriblər.
Bu tədbir layihə tərəfindən kommunikasiya sahəsi üzrə təşkil edilən 7-ci təlim proqramıdır. Peşə təhsili və təliminin düzgün təqdimatı və təşviqatı istiqamətində kadr potensialının artırılması fəaliyyətlərinin davam etməsi nəzərdə tutulur.
Təlimlər Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.