Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə World Karyera Peşə Mərkəzinin əməkdaşlığı çərçivəsində “Peşəkar danışır” layihəsinə start verilib. Layihə çərçivəsində aprel ayından etibarən Bakı və digər regionlardakı peşə təhsil müəssisələrində müxtəlif sahələr üzrə cəmiyyətdə tanınan və uğur qazanmış peşəkar şəxslərin tələbələrlə görüşləri təşkil olunacaq.
İlk görüş Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilib. Tələbələr 10 ildən artıqdır ki, turizm sahəsində böyük təcrübəyə malik olan Sürəyya Axundova ilə görüşüblər. Qonaq tərəfindən turizm istiqamətində təhsil alan tələbləri maraqlandıran suallar cavablandırılıb. Tədbirin sonunda keçirilən əyləncəli viktorinanın qaliblərinə müxtəlif hədiyyələr təqdim edilib.
Qeyd edək ki, layihənin məqsədi müxtəlif peşə sahələrində tanınan peşəkarlarla tələbləri bir araya gətirmək və gənclərimizin peşəkarların təcrübələrindən yararlanmalarını təmin etməkdir.