“Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində peşə təhsil müəssisələrindəki karyera məsləhətçilərinin hazırlığı üçün növbəti tədbir keçirilib. İki günlük tədbirin məqsədi hazırda fəaliyyət göstərən karyera mərkəzləri mütəxəssislərini sahə üzrə müasir bilik və bacarıqlarla tanış etmək və onların ümumi iş potensialını gücləndirilməkdir. Gəncə şəhərində keçirilən tədbirdə Bakı, Bərdə, Cəlilabad, Gəncə və Qəbələdən 15 nəfər karyera mütəxəssisi, Təhsil İnstitutundan, Avropa Təlim Fondundan ekspertlər, o cümlədən kouçinq üzrə mütəxəssis və əlaqədar təşkilatçı tərəflərin nümayəndələri olmaqla 25 nəfər iştirak edib.
Karyera mərkəzlərinin fəaliyyətinin təmin edilməsi üçün layihə çərçivəsində beynəlxalq təcrübə əsasında tövsiyə xarakterli sənədlər təqdim edilmiş və yerli metodiki yanaşmalarla bağlı mütəmadi müzakirələr aparılıb.
Hazırda layihə çərçivəsində 4 peşə təhsil müəssisəsində – Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi karyera mərkəzi yaradılmışdır, 3 peşə təhsili müəssisəsində isə karyera mərkəzlərinin infrastruktur və maddi texniki-bazasının qurulması işlərinin 2023 ilin sonunadək başa çatdırılması nəzərdə tutulmuşdur.
Karyera məsləhətçiləri təhsil alan tələbələri mütəmadi olaraq ixtisaslarına müvafiq iş imkanları və karyera perspektivləri barədə məlumatlandırır, eyni zamanda onların müasir iş mühiti üçün peşəkar hazırlığına yaxından dəstək olmağa çalışır. Buraya rezüme, istək məktubları hazırlanması, müsahibəyə hazırlıq və əmək bazarında trend mövzulara dair təlimlərin təşkili xidmətlər aid edilir. Layihə çərçivəsində bu karyera mərkəzləri üzrə 13 karyera məsləhətçisi son 18 ay müddətində 1000-ə yaxın karyera konsultasiya xidməti göstərib. Karyera xidmətləri istifadəçilərinin 60%-i kişi, 40%-i qadın olub.
Karyera mərkəzlərinin qurulması və fəaliyyətinin təşkili ilə bağlı tədbirlər, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir. Layihə çərçivəsində benefisiar 7 peşə təhsili müəssisəsində fiziki olaraq karyera mərkəzinin yaradılması, fəaliyyətinin təşkilinə dəstək və karyera məsləhətçilərinin bacarıqlarının təkmilləşdirilməsi üçün təlim paketləri nəzərdə tutulur.