Peşə təhsilində şəbəkələşmə imkanları artırılır
18
03 2023
news image

          16 mart “Peşə Təhsilində şəbəkələşmə və təcrübə mübadiləsi” mövzusunda seminar keçirilib. Tədbir Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının dəstəyilə (BMTİP) baş tutub.

         Tədbirin əsas məqsədi Azərbaycanda peşə təhsili və təlimi sistemində XXI əsr tələblərinə cavab verən pedaqoji kadr hazırlığı fəaliyyətlərinə dəstək olmaq üçün ölkədə layihə əsaslı öyrənmə təcrübələrini təşviq etməkdir. Bu məqsəd üçün Aİ-nin maliyyələşdirdiyi və BMTİP-nin icra etdiyi “Gələcək üçün Peşə Təhsili və Təlimi” layihəsi ilə birgə peşə təhsili müəssisələri (PTM) heyətlərinin “eTwinning” layihəsinə cəlbi imkanları müzakirə edilib. Seminar Avropa ölkələrinin peşə təhsilində tətbiq edilən öncül təcrübələrinin öyrənilməsi və müəllimlərin mübadiləsi prosesinə dəstək olmağa yönəlib. 

          Seminar çərçivəsində müəllim platformasının yaradılması və idarəsi, yerli müəllimlərin avropalı həmkarları ilə əməkdaşlıq imkanları istiqamətləri üzrə sessiyalar keçirilib, o cümlədən uğurlu layihə modeli olaraq “Gələcək üçün Peşə Təhsili və Təlimi” layihəsi çərçivəsində “Layihə əsaslı öyrənmə və layihə metodikası” mövzularında müzakirələr aparılıb.

           “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi Aİ tərəfindən maliyyələşdirilir və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilir.