“Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” layihəsinin Azərbaycan üzrə yekun konfransı keçirilib
14
03 2023
news image

Ötən həftə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilən Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi proqramının Azərbaycan komponenti üzrə yekun konfrans təşkil olunub.

Konfransda İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Turizm Agentliyi / Azərbaycan Turizm Bürosu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Aqrar İnnovasiyalar Mərkəzi, Nəqliyyat Təlim-Tədris Mərkəzi və bir sıra digər dövlət qurumları və beynəlxalq təşkilatlar iştirak ediblər.

Qeyd edilib ki, Azərbaycanda 383 Mikro, Kiçik və Orta Müəssisə və startapı əhatə edən layihə mühüm nəticələr əldə edib. 7 uzunmüddətli və 14 qısamüddətli, səriştə əsaslı peşə ixtisaslar hazırlanmış, 600-dən çox tələbə duala bənzər kurslara daxil olmuş, 296 tələbə işlə təmin olunmuş, 373 müəllim təlimlər almış və 177 özəl müəssisə peşə təhsil müəssisələri ilə əməkdaşlıq qurmuşdur. 

Tədbirdə, həmçinin, Özəl Sektorun və Texniki Peşə Təhsilinin inkişafı istiqamətində görülən işlər haqqında fikir mübadiləsi aparılıb.

Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi (PSD TVET SC) proqramı Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyi (BMZ) tərəfindən və Avropa İttifaqı ilə birgə maliyyələşdirilib və Alman Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən 2017-2023-cü illəri ərzində Cənubi Qafqazın üç ölkəsində həyata keçirilmişdir. Proqram turizm, kənd təsərrüfatı, logistika və nəqliyyat sektorlarına hədəflənərək dayanıqlı iqtisadi inkişaf üçün şəraitin yaxşılaşdırılması məqsədini daşıyırdı.