Yüksək texniki peşə təhsili pilləsində çalışan müəllimlər üçün Bakı, Bərdə və Gəncə şəhərlərində silsilə təlimlər həyata keçirilib. Ümumilikdə 45-ə yaxın müəllimin iştirak etdiyi təlimlərdə fənn sillabuslarının hazırlanması, peşə təhsilində yeni təlim texnologiyaları, həmçinin tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsində yeni metodlar müzakirə edilib, praktiki məşğələlər həyata keçirilib.
Yüksək texniki peşə təhsili - peşə təhsilinin ən yüksək səviyyəsidir, burada ümumtəhsil bazasından qəbul zamanı dörd il, tam orta təhsil bazasından qəbul zamanı isə üç il müddətində tədris aparılır. Bu proqramları uğurla bitirən tələbələr müvafiq ixtisas üzrə subbakalavr diplomu ala bilə və müvafiq ixtisas üzrə tədrisini ali təhsil səviyyəsində davam etdirə bilərlər. Bu cür praktika əsaslı tədrisin təşkili isə tədris verənlərin daha çevik və müasir hazırlığını tələb edir. Bu hazırlıq tədbirləri üçün sözügedən layihə təlim proqramları təqdim edir və bu yolla, peşə təhsili üzrə pedaqoji həyətin müasir tələblərə cavab verən bilik və bacarıqlara yiyələnməsinə dəstək olur, ümumilikdə isə peşə təhsili və təlimi sistemində peşəkar kadrların hazırlığı prosesinə töhfə verir.
Qeyd edə ki, təlimlər Avropa İttifaqının maliyyələşdirdiyi və BMT İP-nin Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirdiyi “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi tərəfindən həyata keçirilib. Layihə tərəfindən “modelyer dizayner” və “saç və gözəllik xidmətləri” ixtisasları olmaqla iki yüksək texniki peşə proqramının hazırlanmasına, eləcə də tələbə qəbulunun təşkili prosesinə dəstək olunub. Növbəti tədris ili üçün əlavə iki ixtisas istiqamətində də müvafiq dəstəyin göstərilməsi nəzərdə tutulur.