Karyera məsləhətçilərinin hazırlığı üçün "Butkamp" formatında intensiv təlim proqramı təşkil olunub
17
02 2023
news image

16-17 fevral tarixlərində Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə peşə təhsil müəssisələrindəki karyera mərkəzlərinin yaradılması və fəaliyyətinin təmin olunması üçün həyata keçirilən tədbirlər çərçivəsində “Karyera məsləhəti xidmətinin təşkili” üzrə intensiv təlim proqramı təşkil edilib. Tədbirin əsas məqsədi peşə təhsil müəssisələrində fəaliyyət göstərən karyera məsləhətçilərinin bilik və bacarıqlarının artırılmasıdır. Təlimlərə Bakı, Gəncə, Sumqayıt, İsmayıllı, Qəbələ, Bərdə və Cəlilabaddan olan 19 peşə təhsil müəssisəsindən 39 karyera məsləhətçisi cəlb olunub.

İki gün davam edən tədbirdə insan resurslarının idarə edilməsi sahəsində böyük təcrübəyə malik şəxslər, ocümlədən işəgötürən təşkilatların nümayəndələri tərəfindən “Karyera inkişafında kouçingin rolu”, “Əmək bazarına inteqrasiya”, “Karyera inkişafının görünməyən tərəfləri”, “Müasir əmək bazarının inkişaf tendensiyaları” və başqa mövzularda təlimlər verilib. Təlimlərdə həmçinin Dövlət Məşğulluq Agentliyinin nümayəndələri tərəfindən işsiz və işaxtaran şəxslərin qeydiyyat prosedurları haqqında iştirakçılara ətraflı məlumat təqdim edilib.

Qeyd edək ki, peşə təhsil müəssisələrində yaradılan karyera mərkəzləri peşə təhsili alan tələbələri ixtisaslarına müvafiq iş imkanları və karyera perspektivləri barədə istiqamətləndirir, eyni zamanda, onların müasir iş mühiti üçün peşəkar hazırlığına yaxından dəstək olur. Mərkəzlərdə çalışan karyera ekspertləri peşə təhsili öncəsi, təhsil müddətində, habelə təhsilini başa vurmuş məzunlarla əlaqədar olaraq xidmət göstərir.