4-5 mart tarixlərində Təhsil və Peşə Mərkəzlərinin ikinci tanıtım sərgisi baş tutub. Gənclər və İdman Nazirliyi Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Dövlət İmtahan Mərkəzinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə keçirilən sərginin məqsədi, təhsil və peşə mərkəzlərinin fəaliyyəti haqqında ictimaiyyəti məlumatlandırmaq və eyni zamanda bu müəssisələrin xidmətləri haqqında daha geniş məlumat vermək olub.
Növbəti tədris ili üçün təhsili və karyerası ilə bağlı yeni qərarlar vermək istəyən şəxslər tədbirdə iştirak edən təhsil və peşə mərkəzlərinin xidmətləri haqqında ətraflı məlumat alıblar. Sərgi peşə təhsil müəssisələri üçün də öz xidmətlərini daha geniş auditoriyaya çatdırmaq fürsəti yaradıb.
Qeyd edək ki, sərgidə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, həmçinin Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi iştirak edib. İştirakçılara sözügedən peşə təhsil müəssisələri haqqında ətraflı məlumat verilib. Həmçinin tələbələrin əl işləri sərginin qonaqlarına nümayiş etdirilib.