Türkiyənin milli təhsil naziri Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub
31
01 2023
news image

30 yanvar tarixində ölkəmizdə səfərdə olan Türkiyənin milli təhsil naziri Mahmut Özerin rəhbərlik etdiyi nümayəndə heyəti Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub. İlk öncə nazir müavini İdris İsayev nümayəndə heyətini salamlayıb, qonaqlara ölkəmizdə peşə təhsili sahəsində atılan vacib addımlarla bağlı məlumat verib. Qeyd edilib ki, Azərbaycanda peşə təhsilinin inkişafı dövlət siyasətinin bir hissəsi olaraq daim diqqətdə saxlanılır və iki ölkə arasında peşə təhsili sahəsində mövcud olan əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi və müxtəlif istiqamətlərdə həyata keçirilən birgə fəaliyyətlər ölkəmizdə peşə təhsilinin inkişafı baxımından olduqca əhəmiyyətlidir.

Daha sonra, qonaqlar üçün Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində infotur təşkil edilib. Nümayəndə heyətinə mərkəzdə  yaradılan inklüziv şərait, dual təhsil modelinin tətbiqi və yeni proqramlar  haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, peşə təhsil müəssisəsində əsasən mədəniyyət, sənətkarlıq və xidmət sahələri üzrə ixtisaslar tədris olunur. Tədris otaqları və emalatxanalarda olan nümayəndə heyəti müxtəlif ixtisaslar üzrə dərs prosesinin gedişatı ilə tanış olublar. Sonda Mahmut Özerə tələbələrin əl işlərindən ibarət hədiyyə təqdim olunub və xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, ötən il “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” imzalanıb. Sözügedən sənəd iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyə təcrübəsinin öyrənilməsini, Qəbələ və Bakıda Türkiyə təcrübəsi əsasında yeni peşə təhsil müəssisələrinin qurulmasını özündə ehtiva edir.