Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Quba peşə liseyi və Xaçmaz peşə məktəbinin 80-dən çox tələbəsi üç peşə ixtisas (“Kənd təsərrüfatı mallarının saxlanması və anbarlanması üzrə logistika mütəxəssisi”, “Logistika operatoru” və “Dəmiryolu stansiya və keçid növbətçisi”) üzrə istehsalat təlimlərində iştirak ediblər. 15 sentyabr tarixindən etibarən start götürən təlimlər peşə təhsil müəssisələri və işəgötürənlər arasında imzalanmış memorandumlar və müqavilələr əsasında həyata keçirilir. Duala bənzər təhsil modelinin tətbiq edildiyi proqram çərçivəsində tələbələr “Gilan” konserv zavodunda, “Azərsun Holding” MMC-nin “Bazarstore” müəssisəsində və “Azərbaycan Dəmir Yolları” QSC-nin 6 saylı yol keçid məntəqəsində təcrübə keçərək praktiki biliklərə yiyələniblər.
“Kənd təsərrüfatı mallarının saxlanması və anbarlanması üzrə logistika mütəxəssisi” ixtisasında təhsil alan tələbələr “Tədarük zəncirində logistikanın rolu”, “Malların işlənməsi”, “Anbarlama”, “Qablaşdırma” və “Tədarükçü və müştəri arasında informasiya axını” kimi bir çox mövzular üzrə praktiki biliklər əldə ediblər. “Dəmiryolu stansiya və keçid növbətçisi” ixtisası üzrə isə “Təhlükəsizlik”, “Yanğın təhlükəsizliyi”, “Stansiyaların sistematik quruluşu” və “Stansiyalarda texniki işlər” modulları üzrə istehsalat təlimləri baş tutub.
Qeyd edək ki, “Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” (PSD TVET SC) proqramı Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyin tapşırığı ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən həyata keçirilir və 2017-2023-ci illəri əhatə edir. Azərbaycan üzrə proqramın əsas məqsədləri tələbələrin özəl sektorda praktiki təlimə cəlb olunaraq ikili (dual) peşə təhsilinə yiyələnməsi və yeni peşə təhsili ixtisaslarının yaradılmasıdır.