Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Məşğulluq Agentliyi arasında əmək bazarının tələblərinə uyğun kadr hazırlığının dəstəklənməsi məqsədilə birgə peşə hazırlığı kurslarının icrasına başlanılıb. Tərəflər kadr ehtiyaclarının öyrənilməsi, razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığının təşkil edilməsi və məşğulluğunun təmin edilməsi istiqamətində birgə əməkdaşlığı nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.06.2019-cu il tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”na olunan əlavə və dəyişikliklərə uyğun olaraq Dövlət Məşğulluq Agentliyinin sifarişi əsasında peşə təhsili müəssisələrində peşə hazırlığı kursları təşkil olunacaq.
Belə ki, Əməkdaşlıq çərçivəsində, Bakı və regionlarda yerləşən Peşə Təhsil Mərkəzlərində müxtəlif istiqamətlər üzrə qısamüddətli kursların keçirilməsi nəzərdə tutulub. Kurslar ilkin olaraq xidmət, sənaye, İKT və digər istiqamətləri əhatə edəcək 13 ixtisas üzrə keçiriləcək. Təlimlərin ənənəvi və ya hibrid formatda (həm onlayn, həm də ənənəvi) üsulda keçirilməsi nəzərdə tutulur. Kursların keçirilməsində nəzəri biliklərin tədris edilməsi ilə bərabər, praktiki bacarıqların tədris edilməsinə də xüsusi önəm veriləcək.
Kursların təşkilinin əsas hədəflərdən biri işəgötürənlərlə müxtəlif səviyyələrdə əməkdaşlıq etməklə təlim iştirakçılarının məşğulluğunun təmin edilməsidir. Bu istiqamətdə birgə əməkdaşlıq dəyişən əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlığına və onların məşğulluğunun təmin edilməsinə dəstək göstərəcək. Habelə, kurs müddətində müdavimlərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd də ödəniləcək.
Qeyd edək ki, kurslara yalnız Dövlət Məşğulluq Agentliyində qeydiyyatdan keçmiş işsiz şəxslər müraciət edə bilərlər.