25 oktyabr tarixində ölkəmizdə səfərdə olan Gürcüstanın elm və təhsil naziri Mixail Çxenkeli Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub. Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri ilə baş tutan görüşdə iki ölkə arasında elm və təhsil sahəsində olan əməkdaşlığın peşə təhsili sahəsində də davam etdirilməsinin vacibliyi vurğulanıb. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov qeyd edib ki, iki ölkənin qabaqcıl peşə təhsil müəssisələri arasında müxtəlif istiqamətli fəaliyyətlərin həyata keçirilməsi gələcək perspektivdə bu sahənin qarışıqlı inkişafı üçün əhəmiyyətli başlanğıc ola bilər.
Daha sonra qonağa mərkəzdə yaradılan şərait haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, peşə təhsil müəssisəsində əsasən İKT, avtomobil, mexanika, sənaye istiqamətlərinə aid ixtisaslar tədris olunur və Koreya ekspertləri tərəfindən hazırlanan və milli təhsil sisteminə uyğunlaşdırılan təhsil proqramları tətbiq olunur. Tədris otaqları və emalatxanalarla tanış olan nümayəndə heyəti müxtəlif ixtisaslarda dərs prosesinin gedişini izləyiblər.