Sentyabrın 8-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün təşkil edilən "Media və təhsil dialoqu" mövzusunda təlim-seminar öz işinə başlayıb. Təlimdə Regional Təhsil idarələrinin, eləcə də tabe qurumların nümayəndələri iştirak edir. Tədbirdə “Yenilənən peşə təhsili: perspektivdə nə var?” adlı təqdimatla çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov qeyd edib ki, yeni və müasir tələblərə cavab verən peşə təhsil müəssisələrinin qurulması, mövcud infrastrukturun yenilənməsi daha çox gəncin peşə təhsili almasını stimullaşdırır.
Qeyd edək ki, təlimin keçirilməsində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və təhsil sahəsi üzrə görülən işlər, yeniliklərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır. İkigünlük təlim-seminar sentyabrın 9-da yekunlaşacaq.