Ötən həftə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Almaniyanın Bildungswerk der Wirtschaft Mecklenburg-Vorpommern e. V. Tədris Mərkəzinin birgə həyata keçirdiyi “Cənubi Qafqazda Peşə təhsilinə dəstək” layihəsinin yekunu ilə əlaqədar “Cənubi Qafqazda Peşə Təhsilinin Inkişafına Dəstək: layihənin davamlılıq amilləri və çağırışlar” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyi və Məşğulluq Mərkəzinin nümayəndələri, layihə ekspertləri, tərəfdaş peşə təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və özəl sektor nümayəndələri iştirak ediblər.
Dəyirmi masada layihə haqqında ümumi müzakirə aparılıb və davamlılıq amilləri, yeni çağırışlar müzakirə olunub. İştirakçılara məlumat verilib ki, layihə çərçivəsində Bakı, Gəncə, Xaçmaz və Lənkəranda 234 müəssisədə əmək bazarının monitorinqi və analizi aparılıb, 11 müəssisədə “Açıq qapı” günləri keçirilib və bu tədbirlərdə 195 şagird, 22 müəllim iştirak edib.
Sosial tərəfdaşların və beynəlxalq təşkilatların iştirakı ilə “Sahibkarlıq-peşə təhsili əməkdaşlığı” mövzusunda Milli Konfrans, sahibkarlıq düşüncəsinin formalaşdırılması üçün “Öz biznesinə başla (Startup), “İş axtarma, özün iş yeri yarat” təlimləri iştirakçılar arasında böyük rəğbət qazanıb. “Yumşaq bacarıqlar” mövzusunda keçirilən təlimlərdə 12 məktəbdən 516 müəllim və tələbə iştirak edib. “Yeni Peşələrin Atlası” yaradılıb, peşələrin tanıdılması və iştirakçıların peşə maraqlarını müəyyən etmək üçün bir neçə oyun keçirilib. Layihənin mentorların hazırlanması proqramı çərçivəsində 40 nəfər mentor hazırlanıb və Almaniya təcrübəsi əsasında “Şagird firmaları” Konsepsiyası yaradılıb.