Peşə təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı mətbuat konfransı keçirilib
01
08 2022
news image

1 avqust tarixində Peşə təhsil müəssisələrinə 2022/2023-cü tədris ili üzrə tələbə qəbulu ilə bağlı media nümayəndələri üçün brifinq təşkil edilib. İlk olaraq media nümayəndələrinə peşə təhsilindəki islahatlar, ümumi vəziyyət və cari ildə görüləcək işlərlə bağlı məlumat verilib. Bildirilib ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” peşə təhsilinin qarşısında da böyük hədəflər qoyur.

Daha sonra Peşə Təhsili üzrə Dövlət Agentliyinin Direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov cari tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu qaydaları və şərtləri, mövcud ixtisaslar və yeniliklər barədə məlumat verib. Agentlik rəhbəri 2022/2023-cü tədris ili üzrə tələbə qəbulunun 66 peşə təhsil müəssisəsində 127 ixtisas olmaqla 23340 yer üzrə aparılacağını vurğulayıb. O qeyd edib ki, ayrılan plan yerlərində ötən ilki rəqəmlərlə müqayisədə 10 faiz artım var.

Xatırladaq ki, peşə təhsili almaq istəyən şəxslər 1-12 avqust tarixlərində “portal.edu.az”  platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.