İxtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbul imtahanının keçirildiyi Azərbaycan Texniki Universitetinə infotur təşkil edilib
03
08 2022
news image

3 avqust tarixində 2022/2023-cü il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilib.

İmtahanın baş tutduğu Azərbaycan Texniki Universitetinin İdman Kompleksinə millət vəkilləri və media nümayəndələrinin iştirakı ilə infotur təşkil edilib. Peşə Təhsili üzrə Dövlət Agentliyinin Direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov infotur zamanı prosesi izləyən qonaqlara peşə təhsil müəssisələrində təhsilverənlərin imtahanla işə qəbulu müsabiqəsi haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, müsabiqə çərçivəsində ümumilikdə müxtəlif peşə təhsil müəssisələri üzrə 79 ixtisas fənn müəllimi və 211 istehsalat təlimi ustası vakansiyası elan olunub.

Onlayn formada portal.edu.az elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçən 1328 namizəddən 1045 nəfəri müsabiqənin imtahan mərhələsində iştirak etmək hüququ qazanıb. İmtahanda iştirak edən 765 namizəd  vakant yerlər uğrunda mübarizə aparıblar.

90 dəqiqə davam edən imtahanda iştirakçılar ixtisas, tədris metodikası və məntiqə aid suallardan ibarət test tapşırıqlarını cavablandırıblar.

Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.