Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Pəşə Təhsil Mərkəzi tərəfindən həyata keçirilən “Rəqəmsal monitorinq” layihəsinin təqdimat mərasimi baş tutub. Mərasimdə Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmiləri, həmçinin özəl sektor təmsilçiləri iştirak ediblər. Təqdimat mərasimində layihə haqqında qonaqlara ətraflı məlumat verilib və media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Layihənin həyata keçirilməsində əsas məqsəd Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan müəssisələrdə işçilərin və tələbələrin davamiyyətinə mərkəzləşdirilmiş qaydada nəzarətin həyata keçirilməsidir.
“Rəqəmsal monitorinq” sistemi seçilmiş 10 peşə təhsil müəssisəsində işçilərin və tələbələrin davamiyyətinə elektron sistem vasitəsilə nəzarət etmək, məlumatların Təhsil Nazirliyinin serverində toplanması və bu məlumatlar əsasında qabaqlayıcı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Layihə 8 ay müddətində həyata keçirilib. Layihə çərçivəsində pilot olaraq nəzərdə tutulan 10 peşə təhsil müəssisəsinin mərkəzi məlumat bazası yaradılmış, davamiyyətin izlənilməsi üçün proqram tərtib olunmuş, bütün elektron sistemlər əlaqələndirilmiş və monitorinq aparılmışdır. Bu layihənin gələcəkdə bütün təhsil müəssisələrində və digər struktur müəssisələrdə tətbiq olunması məqsədilə proqram təminatında bütün mümkün nəzarət şərtləri nəzərə alınıb.
Layihə Təhsil Nazirliyinin "Peşə təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” mövzusunda keçirdiyi qrant müsabiqəsi üzrə qalib olub.
Qeyd edək ki, Rabitə və informasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin "Baku Stark" komandası "Smart Helmet" layihəsi ilə robototexnika istiqaməti üzrə “Teknofest Azərbaycan”ın qalibi olub.