2022/2023-cü tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işә qәbulu mərkəzləşmiş qaydada müsabiqә yolu ilə həyata keçiriləcəkdir. Peşə təhsil müəssisələrində ixtisas fənn müəllimi və istehsalat təlimi ustası kimi çalışmaq istəyən şəxslər 19 - 27 iyul tarixləri arasında https://portal.edu.az elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçməlidirlər. Müsabiqə çərçivəsində ümumilikdə müxtəlif peşə təhsil müəssisələri üzrə 79 ixtisas fənn müəllimi və 211 istehsalat təlimi ustası vakansiyası elan olunub.
İxtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsi elektron әrizәlәrin qәbulu və vakant yerlərin seçilməsi, həmçinin təqdim edilən mәlumatların müsabiqәnin şәrtlәrinә uyğunluğunun müsabiqə komissiyası tәrәfindәn yoxlanılması, test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Ərizələri təsdiq edilən namizədlər 3 avqust tarixində ixtisas, tədris metodikası və məntiqə aid suallardan ibarət test imtahanında iştirak edəcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.
Peşə təhsil müəssisələrinə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinə qanunvericiliklə müəyyənləşdirilmiş, aşağıda qeyd edilən tələblərə uyğun namizədlər müraciət edə bilər:
İxtisas fənn müəllimləri - orta ixtisas və ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər;
İstehsalat təlimi ustaları - orta ixtisas və ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 3 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər.