14 iyul tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Turizm sahəsində Dual Təhsil Proqramı üzrə təhsil alan “Aşpaz” və “Turizm sahəsində iaşə üzrə mütəxəssis” ixtisasları üzrə tələbələrin yekun qiymətləndirilməsi həyata keçirilib. Proqramda təhsil alan 38 tələbə təcrübə keçdikləri “Qafqaz Tufandag Hotel” və “Qafqaz Riverside Hotel”inin mütəxəssisləri tərəfindən qiymətləndirilib və tələbələrə qeyd olunan sahələr üzrə iş təklifləri edilib. Tədris ilinin sonunda 20 nəfər tələbə həmin hotellərdə işlə təmin olunublar.
Yekun qiymətləndirmədə tələbələrin nəzəri bilikləri ilə yanaşı proqram müddətində əldə etdikləri praktiki bacarıqlar da yoxlanılıb.Tələbələr suallara uyğun bacarıqlarını nümayiş etdirərək, milli və dünya mətbəxinə aid müxtəlif təamlar hazırlayıblar.
Qeyd edək ki, Turizm sahəsində Dual Təhsil Proqramı Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib. Proqramın məqsədi sənaye nümayəndələri ilə birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsinə imkan yaratmaqdır.