2 iyul tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyi, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının birgə əməkdaşlığı ilə İçərişəhər, Qoşa Qala meydanında “Bir Peşənin Sirri” festivalı keçirilib.
Festivalın açılış mərasimində Təhsil nazirinin müavini İdris İsayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov, Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru Bista, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli çıxış ediblər. Çıxışlar zamanı peşə təhsilinin ölkənin inkişafındakı strateji rolundan, gənclərin məşğulluğunun və peşə təhsilinə olan marağın artırılması istiqamətində görülən işlərdən söz açılıb.
Festivalda qonaqlara Bakı və müxtəlif regionları təmsil edən peşə təhsil müəssisələrinin turizm, sənaye, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər nümayiş etdirilib. Bununla yanaşı tədbir iştirakçıları üçün WorldSkills Azerbaijan platforması çərçivəsində əyləncəli oyunlar, viktorinalar keçirilib. Peşə təhsil müəssisələri tərəfindən keçirilən yarışların qalibləri dəyərli hədiyyələrdə mükafatlandırılıb. Həmçinin tədbir iştirakçıları müxtəlif peşələrin sirri ilə bağlı maraqlı məlumatlar əldə ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd peşə təhsilinin əhatə dairəsini daha da genişləndirmək, gənclərin, valideynlərin o cümlədən bütün maraqlı tərəflərin bu prosesə cəlb edilməsini təmin etməkdir.
“Bir Peşənin Sirri” festivalına Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi dəstək verir. Tədbirin tərəfdaşı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsidir. Festivalın media tərəfdaşı İctimai Televiziya və Radio Yayımları şirkətidir.