27 may tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi və Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və Azərbaycan Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan “Kinoloq” ixtisası üzrə qısamüddətli təlimin tamamlanması və kinologiya sahəsində gələcək perspektivlərin müzakirə edilməsi məqsədilə tədbir keçirilib.
Tədbir zamanı kinoloq ixtisası üzrə keçirilən təlim və əldə edilən nəticələr barədə məlumat verilib, təlim iştirakçılarının müvafiq güc strukturlarında təcrübə və məşğulluq imkanları, təlim proqramının təkmilləşdirilməsinə dair təkliflər və gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib. Tədbir zamanı iştirakçıların təlimin praktiki hissəsinin təşkil edildiyi Kinoloji Mərkəzin maddi texniki bazası ilə tanış olması məqsədi ilə qısa gəzinti təşkil olunub.
Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyi, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Azərbaycan Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Azərbayсan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndələri iştirak edib.
Qeyd edək ki, kinologiya sahəsində təşkil edilən qısamüddətli təlimlərdə 10 nəfər şəxs seçilərək cəlb edilmişdir. Əsasən praktiki bilik və bacarıqların əldə edilməsinə əsaslanan və 4 ay müddətində keçirilən təlimin nəzəri hissəsi Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, praktiki hissəsi isə Kinoloji Mərkəzin nəzdində təşkil edilmişdir. Təlim zamanı iştirakçılar kinologiyanın tarixi, itlərə qulluq, dövlət orqanlarında xidməti kinologiyanın təşkili, itlərin anatomiyası və fiziologiyası, psixologiyası, xidməti axtarışa itlərin seçilməsi uyğunlaşdırılması, axtarış itlərinin hazırlığı, itlərə tibbi yardım və s. kimi istiqamətlər üzrə bilik və bacarıqlar əldə etmişdir.