13 may tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçirilib. Tədbirdə Qəbələ və ətraf rayonların ümumtəhsil məktəblərinin şagirdləri, müəllimlər, valideynlər, uğurlu məzunlar, işəgötürən müəssisələr və KİV nümayəndələri iştirak ediblər. Tədbirdə qonaqların diqqətinə çatdırılıb ki, Mərkəzdə əsasən turizm, aqrar və sənayenin digər sahələri üzrə peşə ixtisaslarının tədrisi həyata keçirilir və Mərkəzin qarşısına qoyulan əsas məqsəd regionda əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması prosesinə dəstək verməkdir.
Tədbir iştirakçılarına peşə təhsilinin zəruriliyi, şagirdlərin düzgün peşə seçiminin əhəmiyyəti, peşə seçimi və karyera, peşə təhsilinin perspektivləri üzrə ətraflı məlumat verilib. Həmçinin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin uğurlu məzunları müxtəlif peşə sahələri üzrə öz məsləhət və tövsiyələrini verib və uğur hekayələrini danışıblar.
“Açıq Qapı” günündə həmçinin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Mühəndis-pedoqoji heyəti tərəfindən həyata keçirilən ustad dərslərində iştirak edən qonaqlar “Aşpaz”, “ Qənnadçı-şirniyyatçı”, “Dülgər”, “Qaynaqçı”, “Tikişci”, “Xalçaçı” və digər ixtisaslarla ətraflı tanış olublar. Emalatxanalar, dəzgahlar, sinif otaqları, ümumi olaraq Mərkəzin ərazisi ilə tanışlıq həyata keçirilib.
Çıxış edən işəgötürən təşkilatların nümayəndələri peşə təhsilinə olan marağın ildən-ilə artdığını vurğulayıblar. Qeyd edilib ki, ictimaiyyətin peşə təhsili haqda məlumatlanmasında belə tədbirlərin keçirilməsi olduqca vacibdir.
Xatırladaq ki, “Açıq qapı” günlərinin məqsədi peşə təhsil müəssisələri haqqında məlumatlılıq səviyyəsini artırmağa, eləcə də gənclər üçün müvafiq təhsil seçimlərindən biri kimi peşə təhsilinin uğurlu təqdimatına kömək etməkdir.