13 may tarixində Bərdə Peşə liseyində “Açıq Qapı” günü təşkil edilib. Rayon ictimaiyyətinin nümayəndələri, orta məktəb şagirdləri, valideynlər, həmçinin işəgötürənlərin iştirak etdiyi tədbirdə qonaqlara peşə təhsil müəssisəsinin tarixi, təmirdən öncəki vəziyyəti, mühəndis pedaqoji heyət, həmçinin liseyin yeni infrastrukturu haqqında geniş məlumat verilib. Qeyd edilib ki, peşə liseyində aparılan yenidənqurma işləri nəticəsində beynəlxalq standartlara cavab verən maddi texniki baza ilə təchiz olunmuş 4 mərtəbəli tədris binası, 2 ədəd hər biri 192 yerlik yataqxana, 3 mərtəbəli emalatxana və laborotoriya korpusu, texnikaların saxlanması üçün 3 korpusdan ibarət qaraj və digər köməkçi binaların tikintisi həyata keçirilib. Diqqətə çatdırılıb ki, sözügedən lisey Bərdə və ətraf regionlardan olan 1200 tələbəyə 7 peşə sahəsi üzrə 30-a qədər ixtisas üzrə təhsil imkanı yaradır.
Tədbir zamanı iştirakçılar peşə təhsil müəssisəsinin emalatxanalarına baş çəkib, mövcud avadanlıq və xidmətlərlə yerində tanış olublar. Elektrik qaz qaynaqçısı, geyim üzrə dizayner istiqamətində təhsil alan tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Müxtəlif istiqamətlər üzrə təşkil edilən ustad dərsləri maraqla izlənilib. Qonaqların diqqətinə çatdırılıb ki, mərkəzdə əsasən kənd təsərrüfatı, heyvandarlıq və sənayenin digər sahələri üzrə peşə ixtisaslarının tədrisi həyata keçirilir. Tədbir zamanı işəgötürən təşkilatların rəhbərləri Bərdə Peşə liseyi ilə əməkdaşlıq istiqamətləri haqqında məlumat verib, bu əməkdaşlığın tələbələr və işəgötürənlər üçün müsbət nəticə verəcəyini vurğulayıblar.
Xatırladaq ki, “Açıq qapı” günlərinin məqsədi peşə təhsil müəssisələri haqqında məlumatlılıq səviyyəsini artırmağa, eləcə də gənclər üçün müvafiq təhsil seçimlərindən biri kimi peşə təhsilinin uğurlu təqdimatına kömək etməkdir.