Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “British Council” təşkilatının nümayəndələri ilə görüş keçirilib.
Görüşdə peşə təhsilinin inkişafı istiqamətində ölkəmizdə həyata keçirilən birgə layihələr və onların uğurlu nəticələrindən bəhs edən “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt iki qurum arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb və bu əməkdaşlığın gələcək inkişaf perspektivlərini diqqətə çatdırıb.
“British Council” Azərbaycan, Təhsil Nazirliyi və turizm-xidmət sektorunun işəgötürənləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı” layihəsi və BP şirkətinin maliyyə dəstəyi ilə 2016-cı ilin 15 sentyabr tarixindən həyata keçirilən “Kənd Təsərrüfatı sahəsində Peşə Təhsili üçün Yeni İxtisasların Yaradılması” layihəsi çərçivəsində görülən işlər barədə məlumat verilib. Nəzərə çatdırıldı ki, layihə çərçivəsində turizm və xidmət sektoru üzrə təhsil almış 60 nəfər məzunun əksəriyyəti artıq işlə təmin olunduğundan, növbəti tədris ilində layihəyə əlavə olaraq 180 nəfərin cəlb olunması planlaşdırılır.
Peşə Təhsili üzrə Dövlət Agentliyin direktoru Famil Mustafayev “British Council” və Agentlik arasında müxtəlif tədris və təhsil layihələri çərçivəsində həyata keçirilən əməkdaşlıqdan məmnunluğunu bildirib. O, bu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Görüşdə, həmçinin ikitərəfli əməkdaşlığın gələcək imkanları və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.