Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin həyətindəki geniş parkda ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə 95 həmişəyaşıl ağac əkilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları mərkəzdə Ulu Öndərin xatirəsinə həsr edilmiş, tələbələrin əl işlərindən ibarət respublika müsabiqəsinə daxil olan nümunəvi sənət əsərlərinin sərgisi ilə tanış olublar. Sonra görkəmli siyasi xadimin xatirəsini anma mərasimi keçirilib.
Dövlət himninin oxunması ilə başlanan tədbirdə səhnəyə dövlət bayrağı gətirilib.
Mərkəzin direktoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Qalib Həsənov müdrik dövlət xadimi Heydər Əliyevin dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunması və ölkəmizin beynəlxalq aləmə inteqrasiyası istiqamətində müstəsna xidmətlərindən danışıb. O, ağacəkmə aksiyasının Ulu Öndərin vəsiyyətlərinə uyğun həyata keçirildiyini, ekoloji saflıq, təmizlik, yaşıllıq və gözəlliyə töhfə olduğunu bildirib.
Bilik Fondunun sektor müdiri Hacı Abdulla və Nizami Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Bəhmən Hüseynov Ümummilli Liderin zəngin irsinin dərindən öyrənilməsi sahəsində maarifçilik, ideoloji təbliğat işinin daha da genişlənməsinin vacibliyini vurğulayıb, belə tədbirlərin əhəmiyyətini qeyd ediblər.
Bədii hissədə tələbələrin ifasında dahi şəxsiyyətə həsr olunmuş mahnılar, şeirlər səslənib.
Ulu Öndərin xatirəsinə həsr edilən müsabiqələrdə qalib gəlmiş şagirdlərə sertifikatlar, təşəkkürnamələr təqdim olunub.