Aprelin 30-da Təhsil Nazirliyi, Avropa İttifaqı və “Hyatt Regency Baku” otelinin birgə təşkilatçılığı ilə “Peşəyönümü işinin təşkili: peşə təhsilinin təbliği” mövzusunda konfrans keçirilib.
“Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq keçirilən konfransda Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev,Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, peşə təhsili və ümumi təhsil müəssisələrinin peşəyönümü işinə məsul müəllimləri ilə yanaşı, bir sıra işəgötürən təşkilatların nümayəndələri də iştirak edib.
Tədbirin məqsədi Azərbaycanda peşə təhsilinin əhəmiyyətini, cəmiyyətdə rolunu, məzunlar üçün yaratdığı iş imkanlarını əsas hədəf kütləsi olan şagirdlərə təlqin edilməsi, qurumlar arasında bu istiqamətdə əməkdaşlığın təşviqi və genişləndirilməsidir.
Tədbiri giriş sözü ilə açan Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev son illərdə ölkədə peşə təhsilinin əsas prioritet istiqamətlərdən biri kimi müəyyən olunduğunu qeyd edərək, bu sahədə aparılan islahatlar, həyata keçirilən layihələr, işəgötürən və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri barədə məlumat verib, peşə təhsilində bacarıq və səriştə əsaslı təhsilin əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, bugünkü tədbir peşə təhsilinin təbliğ olunmasında xüsusi önəm kəsb edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva çıxış edərək peşə təhsili barəsində ictimai məlumatlılığın artırılması istiqamətində ümumtəhsil məktəblərinin rolundan danışıb, bu istiqamətdə qarşıda duran vəzifələr və görüləcək işlər barədə tədbir iştirakçılarına məlumat verib.
Daha sonra peşəyönümü işinin aparılması strategiyası, peşəyönümü işinin təbliği, peşə təhsilində dövlət-özəl əməkdaşlığı mövzularında təqdimatlar və peşə təhsili müəssisələrinin məzunlarının uğur hekayələrinə dair videoçarxlar nümayiş olunub.
Tədbirin sonunda Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Hyatt Regency Baku” oteli arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb.