“Mühasibat uçotu” ixtisası üzrə qısamüddətli təlimə qeydiyyat başlayır
28
03 2022
news image

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə keçirilən qısamüddətli təlimlər çərçivəsində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Mühasibat uçotu” üzrə qısamüddətli təlim keçiriləcək. Təlimdə iştirak etmək üçün ərizələrin qəbulu 3 aprel 2022-ci il tarixinədək davam edəcək və müraciətlər elektron ərizə forması üzərindən toplanılacaq.

Sözügedən təlimə minimum tam orta təhsil səviyyəsini uğurla tamamlamış və “Windows” əməliyyat sistemində işləmək bacarığı olan şəxslər müraciət edə bilərlər. Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın digər sahələri üzrə ilkin bilik və ya təcrübənin olması üstünlükdür.

İştirakçılar təlim müddətində mühasibat uçotunun əsasları, ikili uçot prosesi, ilkin mühasibat sənədləri və əsas maliyyə hesabatlarının hazırlanması üzrə bilik və bacarıqlara yiyələnəcəklər.

Yekunda təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunacaq. Təlim həm ənənəvi, həm də onlayn qaydada 3 ay müddətində davam edəcəkdir.

İl ərzində təşkil edilən qısamüddətli təlimlər barədə məlumatlar Peşə Təhsili üzrə Dövlət Agentliyinin sosial media səhifələri üzərində geniş ictimaiyyət ilə bölüşülməkdədir.