Peşə Təhsili üzrə Dövlət Agentliyi, KOBİA və Dövlət Məşğulluq Agentliyinin birgə həyata keçirdiyi “Gənclərin biznes emalatxanası” layihəsi çərçivəsində Ağdam rayonunda biznes təlimlərinə start verilib
17
03 2022
news image

15 mart tarixindən etibarən Peşə Təhsili üzrə Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Məşğulluq Agentliyinin birgə həyata keçirdiyi “Gənclərin biznes emalatxanası” layihəsi çərçivəsində Ağdam rayonunda biznes təlimlərinə start verilib.

Bununla əlaqədar olaraq “Gənclərin biznes emalatxanası” layihəsinə cəlb olunmuş peşə təhsili alan gənclərlə görüş keçirilib. Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor səlahiyyətlərini icra edən Ceyhun Kərəmov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, həmçinin Dövlət Məşğulluq Agentliyinin regional nümayəndələri, Ağdam İcra Hakimiyyəti başçısı iştirak ediblər. Tərəfdaşlar layihənin məqsədi, mərhələləri və əldə ediləcək nəticələr barədə çıxış ediblər. Tədbir çərçivəsində layihə ilə bağlı iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.  

Aprel ayında Ağdam rayonunda peşə təhsili alan gənclər üçün KOBİA-nın KOB İnkişaf Mərkəzi tərəfindən biznes təlimlərinə başlanılacaq. Təlimləri uğurla başa vuracaq gənclərin seçdikləri fəaliyyət sahələri üzrə Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təmin olunması nəzərdə tutulur.

Qeyd edək ki, 2021-2023-cü illəri əhatə edəcək layihənin ilkin mərhələsində Qəbələ, Cəlilabad və Ağdam rayonlarında peşə təhsili alan sonuncu kurs tələbələri iştirak edir. Layihə çərçivəsində dərzi, bitkiçilik və heyvandarlıq, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, çilingər, aşpaz, şirniyyatçı, turizm və qaynaqçı kimi sahələrdə peşə təhsili alan gənclər biznes təlimlərinə cəlb olunur və onlara özünüməşğulluq proqramı çərçivəsində mikro biznesin qurulması üçün müvafiq avadanlıqlar veriləcək.

Layihənin məqsədi peşə təhsili alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılmasıdır.