Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin əl işlərindən ibarət “Qarabağa Dönüş” adlı sərgi təşkil edilib
15
03 2022
news image

10 mart tarixində Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin əl işlərindən ibarət “Qarabağa Dönüş” adlı sərgi təşkil edilib.

Sərgidə Sumqayıt şəhər İcra Hakimiyyəti, millət vəkili Emin Hacıyev, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Sumqayıt Regional Mədəniyyət İdarəsi, Gənclər və İdman Baş İdarəsi, Asan Xidmət Mərkəzi, Sumqayıt Tarixi Muzeyi, Sumqayıt Kimya Sənaye Parkının Peşə Təhsili Müəssisəsi, tərəfdaş sənaye müəssisələri , şəhərin digər təşkilatlarının nümayəndələri, peşə təmayüllü siniflər, orta təhsil müəssisələrinin müəllim-şagird heyəti, valideynlər, ümumiyyətlə şəhər ictimaiyyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan müəssisə direktorları Gülşən Ömərova və Vüsalə Qurbanova tədbirin məqsədi və mahiyyəti haqqında məlumat veriblər. Qarabağ müharibəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sərgidə iştirak edənlər bu səpkili layihələrin təşkil edilməsinin tariximizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması istiqamətində təqdirəlayiq hal olması, 44 günlük Vətən müharibəsi, Şanlı Qələbə, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələrin gerçəkləşdirilməsi haqqında fikirlər söyləyiblər.

Sərgidə tələbələrin yaratdığı Qarabağ xanlıqlarının sonuncu vərəsəsi Xurşidbanu Natəvan və Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri Molla Pənah Vaqif obrazları, “Dərzi” ixtisası üzrə təhsil alan tələbələrin hazırladıqları 18 ədəd Qarabağ milli geyimləri və əl işləri nümayiş olunub. Mərkəzin “Aşpaz” ixtisası üzrə təhsil alan tələbələrinin Qarabağ mətbəxinə dair hazırladıqları 36 növ xörək və şirniyyatlar, quru meyvə və çərəzlərdən ibarət milli atributlar və müxtəlif növ əl işləri təqdim edilib.

Sərgi müddətində “Kompüter operatoru” ixtisaslı qrup tələbələri “Qarabağ Milli Geyimləri”, “Mərkəzin Fəaliyyəti”, “Qarabağ Milli Mətbəxi” adlı tədimatlarla çıxış ediblər. Mərkəzin “Bərbər,vizajist,manikürçü” ixtisası üzrə təhsil alan tələbələri Qarabağ ab-havasını əks etdirən guşə yaradıblar.

Sərgidə rəssam-tələbələr rəsmlərini təqdim edib, rəqqas-tələbələr milli oyun havası sədaları altında rəqs edib, iki tələbə musiqi nömrəsi ilə çıxış ediblər.

Tədbir qonaqlarına “Dərzi” və “Aşpaz” ixtisası üzrə təhsil alan tələbələrin əl işlərindən ibarət hədiyyələr təqdim edilib.

Tədbirin sonunda sərgidə fəal iştirakına görə bir qrup müəllim və tələbələr mərkəzin direktoru Gülşən Ömərova tərəfindən “Təşəkkürnamə”lər ilə təltif ediliblər.