Xocalı soyqırımının otuzuncu il dönümü ilə əlaqədar peşə təhsil müəssisələrində anım tədbirləri keçirilib
25
02 2022
news image

Xocalı soyqırımının otuzuncu il dönümü ilə əlaqədar peşə təhsil müəssisələrində müəssisə rəhbərlərinin, tələbə və müəllim kollektivinin iştirakıyla anım tədbirləri keçirilib.

Tədbirlər çərçivəsində bir sıra peşə təhsil müəssisələrinin pedaqoji və texniki heyəti tərəfindən Bakıda yerləşən “Ana Harayı” abidəsi və regionlarda yerləşən Şəhidlər Xiyabanları, Xocalı abidələri ziyarət edilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Peşə təhsil müəssisələrinin rəhbərləri çıxışları zamanı Xocalı faciəsinin vəhşətindən, xalqın ölüm - qalım savaşından, üzləşdikləri çətinliklərdən söz açıblar. Qeyd olunub ki, mənfur düşmənin xüsusi amansızlıqla törətdikləri cinayət əməlləri nəticəsində Xocalı şəhərində 14 məktəb dağıdılıb, 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb.

Çıxışlar zamanı 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan qələbədən, torpaqlarımızın işğaldan azad edilməsindən də bəhs edilib.

Tələbələr Xocalı hadisələrinin baş vermə səbəbləri, dinc sakinlərə qarşı törədilən qətliamlar haqqında geniş təqdimatlarla çıxış edıblər. Daha sonra soyqırım qurbanları ilə bağlı videoçarx nümayiş olunub.

Tədbirlər bədii hissə ilə sonlandırılıb.