Quba Peşə Liseyi və Xaçmaz Peşə Məktəbinin Məşvərət Şurasının üzvləri Qəbələ və İsmayıllı rayonlarında təcrübə mübadiləsində olublar
16
02 2022
news image

8 - 10 fevral tarixlərində “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” proqramının təşkilatçılığı ilə Quba Peşə Liseyi və Xaçmaz Peşə Məktəbinin pilot olaraq fəaliyyətə başlayan Məşvərət Şurasının üzvlərinin Qəbələ və İsmayıllıya mübadilə səfəri keçirilib.

Mübadilə səfərinin məqsədi Məşvərət Şurasının və onun üzvlərinin funksiyalarını, Qəbələ və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzlərinin dualabənzər peşə kurslarının tətbiqi təcrübəsini öyrənmək, həmçinin Qəbələ və İsmayıllıda özəl şirkətlərin təcrübə prosesinin təşkili və peşə təhsil müəssisələri ilə əməkdaşlıqla bağlı təcrübələrini bölüşmək olub. Mübadilə səfərində Quba Peşə Liseyi və Xaçmaz Peşə Məktəbinin direktor müavinləri, KOBİA-nın Quba və Xaçmaz rayonları üzrə koordinatorları, o cümlədən “Qafqaz Konserv Zavodu” MMC, “Yalama Aqropark” MMC, “Arktika” MMC və “Evrokart” MMC şirkətlərinin nümayəndələri müvafiq müəssisələrin Məşvərət Şurasının üzvləri qismində iştirak ediblər.

Üç günlük proqramda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Məşvərət Şurası sədrinin Şura və üzvlərinin funksiyaları haqqında təqdimatı olub. Qəbələ və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzlərinə səfər edilib, “Qafqaz Tufandağ Hoteli”ndə, "Gilan Aqrotek" xidmətində, "Gilan Holdinq"in "Aqro Kompleks Qəbələ" südçülük fermasında, “İsmayıllı Şərab-2” ASC zavodunda görüşlər keçirilib, müzakirələr aparılıb. Səfər özəl sektorla peşə təhsil müəssisələri arasında uzunmüddətli davamlı əməkdaşlığın qurulmasına dair əldə edilmiş təcrübələrin, təkliflərin və gələcək planların səmərəli müzakirəsi ilə başa çatıb.

“Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” layihəsi 2017-2023-cü illər üçün nəzərdə tutulub. Layihənin məqsədi məşğulluq üçün uyğun seçilmiş sektorlarda davamlı iqtisadi inkişaf üçün şəraitin yaxşılaşdırılmasıdır. Proqram məşğulluq üçün müvafiq sektorlarda rəqabət qabiliyyətini gücləndirmək, özəl və dövlət sektorların nümayəndələrinin əməkdaşlığını təkmilləşdirmək və özəl sektorun davamlı inkişafı və dualabənzər peşə təhsili sahəsində regional və beynəlxalq təcrübə mübadiləsini gücləndirmək məqsədi daşıyır. Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Məşğulluq Agentliyi, özəl sektor, Qax, Qəbələ, İsmayıllı, Quba, Xaçmaz və Gəncədə fəaliyyət göstərən peşə təhsil müəssisələri ilə sıx əməkdaşlıq nəticəsində 6 uzunmüddətli və 14 qısamüddətli peşə birgə yaradılıb, dualabənzər PTT-yə  uyğun olaraq təsdiq edilib və sınaqdan keçirilib. Layihə Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən maliyyələşib.