28 yanvar tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində növbəti “Açıq Qapı” tədbiri keçirilib. Tədbirdə işəgötürənlər, ümumtəhsil məktəblərinin şagirdləri ilə yanaşı valideyn və müəllim kollektivi, həmçinin uğurlu məzunlar da iştirak edib.
Açılış nitqində Mərkəzin direktoru İdris Musayev qonaqları salamlayaraq iştirakçılara müəssisə haqqında ətraflı məlumat verib. Tədbir iştirakçıları sənaye istiqaməti üzrə müxtəlif peşə ixtisasları barədə maariflənib, Mərkəzin ümumi fəaliyyətini əks etdirən təqdimatla tanış olublar.
Tədbirdə işəgötürən qismində “Polymart” şirkətinin İnsan Resursları üzrə mütəxəssisi Səbinə Məmmədova, həmin müəssisədə hazırda tornaçı vəzifəsində çalışan uğurlu məzun Aydın Bayramov və təhsil sahəsi üzrə spiker Toğrul Ələkbər çıxış edib. Təqdimatlardan sonra gənclərin və onların valideynlərinin sualları cavablandırılıb. Çıxışlar zamanı peşə təhsilinin əhəmiyyəti, şagirdlərin düzgün peşə seçiminin vacibliyi, əmək bazarında peşə təhsilinin rolu istiqamətində müzakirələr aparıblar.
Tədbirin məqsədi məktəblilərə peşə və ixtisas seçimində dəstək olmaq və mərkəzin təhsil imkanları barədə məlumatlandırmaqdan ibarət olub. “Açıq Qapı” tədbirinin sonunda Mərkəzə infotur təşkil olunub və şagirdlər Mərkəzin praktiki dərslərinin keçirildiyi emalatxanalar, laboratoriyalar və Mərkəzdə quraşdırılan avadanlıqlarla yaxından tanış olublar.