24 dekabr tarixində seçilmiş peşə təhsil müəssisələrində Karyera Mərkəzlərinin yaradılması və fəaliyyətinin təmin olunması istiqamətində “Karyera Məsləhətçiləri üçün Təlim Proqram”ının yekunlaşması çərçivəsində iştirakçılarına sertifikatlar təqdim edilib.
Tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov ilk dəfə olaraq Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Avropa İttifaqının maliyyələşdirdiyi "Bərdə Peşə Liseyinin Modernləşdirilməsi" layihəsi çərçivəsində Bərdə Peşə Liseyində karyera mərkəzlərinin yaradıldığını qeyd edib və karyera məsləhəti xidmətinin gənclərin məşğulluğunun təmin olunmasında əhəmiyyətindən danışıb. Eyni zamanda, karyera məsləhətçilərinin qarşısında duran hədəflərdən söz açılıb və karyera mərkəzlərinin qurulması prosesində beynəlxalq təcrübəyə istinad edildiyi vurğulanıb. Tədbir zamanı, həmçinin növbəti il ərzində yaradılacaq karyera mərkəzlərinin sayının artırılmasının və bu istiqamətdə beynəlxalq tərəfdaşlar tərəfindən də dəstəyin həyata keçirilməsinin nəzərdə tutulduğu qeyd olunub.
Proqram çərçivəsində Bakı, Gəncə, Şəki, Qəbələ, Bərdə və Cəlilabadda yerləşən 10 peşə təhsil müəssisəsindən 50-ə yaxın namizəd müsahibə mərhələsinə dəvət alıb və nəticədə 22 iştirakçı təlimləri uğurla tamamlayıb. Karyera məsləhətçilərinin bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlim proqramı çərçivəsində interaktiv müzakirələrin aparılması, iştirakçıların bilik və bacarıqlarının qiymətləndirilməsi üçün imtahanlar, təqdimatlar təşkil olunub.
Üç ay davam edən intensiv təlim proqramı "Karyera Məsləhət Xidmətinin Təşkili" və "Təlimçilər üçün Təlim" kurslarından, həmçinin hər iki təlimdən sonra konsultasiyalara əsaslanan mentorluq prosesindən ibarətdir. Belə ki, hər bir iştirakçı proqram başa çatdıqdan sonra 2 ay ərzində öyrəndiyi bilikləri işində tətbiq etməsinə dair fərdi yanaşma əsasında bacarıqlarını təkmilləşdirmək və məsləhət almaq imkanı qazanacaq.
Təlim proqramı çərçivəsində, həmçinin karyera məsləhətçiləri və tələbələrin istifadəsi üçün əyani vəsaitlər təmin edilib.