Ötən dövrdə olduğu kimi, 2021/2022-ci tədris ili ərzində İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin “Üzümçü və şərab ustası” ixtisası üzrə təhsil alan tələbələri dual təhsil proqramına uyğun olaraq, “İsmayıllı Şərab-2” ASC-nin istehsalat təlimi və təcrübəsinin təşkili ilə bağlı ayırdığı 2 hektar üzüm sahəsində və emal zavodunda təcrübə keçirlər. Sözügedən ixtisasın I kursunda təhsil alan 14, II kursunda olan 18 nəfər tələbəsi təcrübə proqramında iştirak edir.
Belə ki, tələbələr həftənin üç günü Mərkəzdə nəzəri dərslər keçir, digər iki günü isə sahədə praktiki təcrübəyə cəlb olunurlar. Növbəti ilin aprel ayından etibarən praktiki dərslərin həftə 5 günü keçirilməsi nəzərdə tutulur.
Tədris ili ərzində üzüm sahəsinə qulluğun bütün mərhələləri sözügedən müəssisənin yerli və xarici mütəxəssislərinin birbaşa nəzarəti altında aparılır. Proqram sonunda ən yaxşı nəticə göstərmiş tələbələrin işə götürülməsi nəzərdə tutulur.
Sözügedən təşəbbüs 2019-cu ildən etibarən İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi ilə “İsmayıllı Şərab-2” ASC arasında imzalanmış 5 illik Anlaşma Memorandumu əsasında baş tutmaqdadır. 2021-ci ildən etibarən isə “Bacarıqlı ol” Usta Yanında Öyrənmə layihəsi bu təşəbbüsə dəstək verməkdədir. Qeyd edək ki, tələbənin “təcrübəyə əsaslanan öyrənmə” metodu üzrə həyata keçirilən “Bacarıqlı ol” layihəsinin məqsədi praktiki biliklərin real iş mühitində əldə edilməsini təmin etməkdir. Tələbələr istehsal prosesinin mühüm mərhələlərində tərəfdaş işəgötürən müəssisələrdə iş prosesində iştirak etməklə praktiki bacarıqlara yiyələnirlər.