Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Barista” ixtisası üzrə qısamüddətli təlimə qəbul elan edir. Təlimdə iştirak etmək üçün ərizələrin qəbulu 10 yanvar, 2022-ci il tarixinədək davam edəcək və müraciətlər elektron ərizə forması üzərindən toplanılacaq.
Təlim Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Turizm Agentliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil edilir.
Təlimlərə barista ixtisası üzrə işləmək istəyən şəxslər müraciət edə bilərlər. Seçim zamanı təlimdə iştirak etmək motivasiyası nəzərə alınacaq, həmçinin qida və içki xidməti üzrə təcrübəsi olan şəxslərə üstünlük veriləcək.
Təlim zamanı iştirakçılara qəhvənin tarixi, üyüdülmə və dəmlənmə prosesləri, espresso maşınının hissələri, ondan istifadə qaydaları, südün növləri, seçilməsi və köpükləndirilməsi, espresso kofe içkilərinin hazırlanması, qonaqlara kofe xidmətinin göstərilməsi və satışı üzrə bilik və bacarıqlar öyrədiləcək.
Təlimləri uğurla bitirən şəxslərə sertifikat təqdim ediləcək.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə həyata keçirilən digər qısamüddətli təlimlər barədə məlumatlar Peşə Təhsili üzrə Dövlət Agentliyinin sosial media səhifələri üzərində geniş ictimaiyyət ilə bölüşülməkdədir.