Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil Mərkəzində “Rəqəmsal Marketinq” istiqaməti üzrə qısamüddətli təlim keçiriləcək. Təlimdə iştirak etmək üçün ərizələrin qəbulu 10 yanvar, 2022-ci il tarixinədək davam edəcək və müraciətlər elektron ərizə üzərindən toplanılacaq.
Təlimlərə uyğun istiqamətlərdə peşə, orta ixtisas və ya ali təhsil almış şəxslər müraciət edə bilərlər. Seçim zamanı əlavə dil bilikləri, kompüterdən ümumi istifadə bacarığı, proqramlaşdırmaya dair baza bilikləri olan şəxslərə üstünlük veriləcək.
Təlim boyunca iştirakçılar rəqəmsal marketinq, effektiv reklam vermək, media planının hazırlanması, son dövrlərin marketinq texnologiyaları və rəqəmsal məhsulun yaradılması barədə ətraflı məlumat əldə edəcəklər. İştirakçılar həmçinin, banner və video reklamlar, axtarış sistemlərində ödənişli reklam və SEO, veb-analitika, sadə saytın qurulması və elektron kommersiya sahəsində peşəkar bilik və bacarıqlara sahib olacaqlar. Təlim zamanı əldə edilən biliklərin təcrübədə tətbiq edilməsi üçün də imkan yaradılacaq.
Dərslər həm nəzəri, həm də praktiki hissələrdən ibarət olacaq. Təlimləri uğurla bitirən şəxslərə sertifikat təqdim ediləcək.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə həyata keçirilən digər qısamüddətli təlimlər barədə məlumatlar Peşə Təhsili üzrə Dövlət Agentliyinin sosial media səhifələri üzərində geniş ictimaiyyət ilə bölüşülməkdədir.