“Dərzi” ixtisası üzrə ixtisasartırma və kadr hazırlığının gücləndirilməsi məqsədilə təlimlər həyata keçirilib
15
12 2021
news image

10 - 12 dekabr tarixlərində “İşəgötürənlərlə birgə çalışan işçilər üçün ixtisasartırma və kadr hazırlığı təlimlərinin təşkili” layihəsi çərçivəsində “Dərzi” ixtisası üzrə təlimlər həyata keçirilib. Təlimlər Bakı şəhərində fəaliyyət göstərən “CLASSA Fashion School and Platform” dəb məktəbində, müəssisənin peşəkar təlimçiləri tərəfindən aparılıb. Sözügedən təlimə Bakı, Gəncə, Sumqayıt və Bərdə şəhərlərində fəaliyyət göstərən peşə təhsil müəsissələrinin müəllim və istehsalat təlimi ustaları cəlb olunub.

Üç gün davam edən təlimlərdə müəllim və istehsalat təlimi ustaları geyim konstruksiyası və dərzilik mövzularında nəzəri və praktik məşğələlərdə iştirak edib, verilən tapşırıqlar əsasında qrup işi formatında hazırladıqları işləri təqdim ediblər. Təlim klassik geyim nümunələrinin konstruksiyasının hazırlanmasında ölçünün çıxarılması üçün istifadə olunan beynəlxalq hesablama metodikalarını əhatə edib, mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Bundan əlavə, tədris prosesində innovasiyaların tətbiqi mövzusunda mühazirə və müzakirələr həyata keçirilib.

Təlimin sonunda iştirakçıların və ümumi təlim prosesinin qiymətləndirilməsi aparılıb. Gələcəkdə “CLASSA Fashion School and Platform” dəb məktəbi və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq üzrə yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.   

Layihə çərçivəsində növbəti təlimlər turizm və tikinti sahələrini əhatə edəcəyi gözlənilir.

Qeyd edək ki, “İşəgötürənlərlə birgə çalışan işçilər üçün ixtisasartırma və kadr hazırlığı təlimlərinin təşkili” layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinın təşəbbüsü və maliyyə dəstəyi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Layihənin məqsədi beynəlxalq təcrübə əsasında iş yerlərində təlim, stajkeçmə mexanizminin yaradılması və fərqli iqtisadi sahələr üzrə fəaliyyət göstərən işəgötürən müəssisələrdə peşə təhsili sahəsində çalışan mühəndis-pedaqoji heyətin ixtisasartırma təlimini həyata keçirməkdir.

Təlim ehtiyaclarının müəyyən ediməsinin nəticəsi olaraq, bu layihə çərçivəsində ixtisasartırma kurslarının mərhələli olaraq həyata keçirilməsi və təxminən 10 istiqaməti əhatə etməsi nəzərdə tutulub.