Bursa Şəhid Erol Olçok adına Texniki Anadolu Peşə Liseyi ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb
15
12 2021
news image

Ötən gün Türkiyə nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə baş çəkiblər.

Səfər çərçivəsində Türkiyə və Azərbaycan arasında peşə təhsili sahəsində əməkdaşlığın inkişafı istiqamətində Bursa Şəhid Erol Olçok adına Texniki Anadolu Peşə Liseyi ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Razılaşmaya əsasən peşə təhsili pilləsində tədris verən müəllimlərin qarşılıqlı mübadiləsi, təcrübə səfərlərinin həyata keçirilməsi və digər birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirə edildiyi tədbirdə çıxış edənlər peşə təhsilinin inkişafının ölkə iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayıblar. Tərəflər əldə olunan razılaşmanın uğurlu təcrübə mübadiləsinin təmin olunmasında, dövrün tələblərinə cavab verən və əmək bazarına uyğun mütəxəssislərin hazırlanmasında faydalı olacağını qeyd ediblər. Vurğulanıb ki, bu sahədə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi hər iki ölkənin təhsil səviyyəsinə müsbət töhfə verəcək. İmzalanma mərasiminin sonunda xatirə hədiyyələri qarşılıqlı şəkildə təqdim edilib.

Daha sonra Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub. Təqdimat zamanı qonaqlar mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub.

Qeyd edək ki, 12 dekabr tarixindən etibarən Türkiyənin Bursa şəhərində yerləşən 4 peşə təhsil müəssisəsini və Bursa Təhsil İdarəsini təmsil edən nümayəndə heyəti ölkəmizdə səfərdədir. Səfərin məqsədi iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlıq perspektivlərinin genişləndirilməsi, qardaşlıq sazişlərinin imzalanması, təhsilalanlar və pedaqoji heyət üçün təcrübə mübadilələrinin təşkili, həmçinin tədris proseslərinin səmərəliliyinin artırılmasıdır.