Türkiyə nümayəndə heyəti peşə təhsili sahəsində əməkdaşlıq üçün ölkəmizdə səfərdədir
13
12 2021
news image

12 dekabr tarixindən etibarən Türkiyənin Bursa şəhərində yerləşən 4 peşə təhsil müəssisəsini və Bursa Təhsil İdarəsini təmsil edən nümayəndə heyəti ölkəmizə səfərdədir.

Səfərin məqsədi iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlıq perspektivlərinin genişləndirilməsi, qardaşlıq sazişlərinin imzalanması, təhsilalanlar və pedaqoji heyət üçün təcrübə mübadilələrinin təşkili, həmçinin tədris proseslərinin səmərəliliyinin artırılmasıdır.

Səfərin ikinci günündə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə maddi-texniki baza ilə tanışlıq üçün infotur təşkil olunub.

Qonaqlar daha sonra təhsil nazirinin müavini İdris İsayevlə görüşüblər. Görüşdə hər iki ölkənin təhsil sistemində peşə təhsilinin rolu və əhəmiyyəti vurğulanıb, qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub, əməkdaşlıq istiqamətləri müzakirə olunub. Əmək bazarının tələblərinə uyğun təhsil proqramlarının hazırlanmasında, təhsil metodologiyalarının öyrənilməsində və tədris resurslarının istifadəsində qarşılıqlı əməkdaşlığın faydası qeyd edilib.

Nazir müavini 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məsələlərinə toxunaraq Qarabağın inkişafı istiqamətində genişmiqyaslı layihələrin icrasına Türkiyə şirkətlərinin cəlb edildiyini və bu prosesdə ixtisaslı kadrlara tələbatın öyrənilməsi və əməkdaşlıq çərçivəsində bu məsələlərə diqqətin göstərilməsinin vacibliyindən danışdı. 

Heyət üzvləri Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə də baş çəkib, müəssisənin maddi-texniki bazası, infrastrukturu ilə yaxından tanış olub. Mərkəzlə tanışlıqdan sonra bu müəssisə ilə Bursa Şəhid Erol Olçok adına Texniki Anadolu Peşə Liseyi arasında qardaşlıq sazişi imzalanıb.

Qonaqlar həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin kollektivi ilə görüşüb. Görüşdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev və şöbə müdirləri iştirak edib.

Səfər çərçivəsində digər peşə təhsil müəssisələri ilə də mümkün əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, 26 aprel 2021-ci il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Türkiyənin Bursa şəhərində yerləşən Avtomobil İxracatçıları Birliyi Texniki Anadolu Peşə Liseyi (OİB MTAL) arasında qardaşlıq sazişi imzalanıb. İlkin olaraq, 18-20 oktyabr tarixlərində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin rəhbər şəxslərinin iştirakı ilə Avtomobil İxracatçıları Birliyi Texniki Anadolu Peşə Liseyinə səfər edilib.