Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin mentorları üçün təcrübə mübadiləsi sessiyası keçirilib
02
12 2021
news image

29-30 noyabr tarixlərində “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” proqramı çərçivəsində Qəbələ Peşə Təhsil Mərkəzində Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin dualabənzər peşə təhsili pilotunda iştirak edən mentorlara iki günlük təcrübə mübadiləsi sessiyası keçirilib.

Təlimin əsas məqsədi Almaniya Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilən və Avropa Birliyi tərəfindən maliyyələşən “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual yönümlü peşə təhsili pilot proqramının hazırlanması” layihəsi çərçivəsində Qəbələ və İsmayıllı rayonlarında yaradılmış dual peşə təhsili yanaşmasından qazanılmış təcrübə və çıxarılmış nəticələri Gəncə Dövlət Peşə Təhsil Mərkəzindən seçilmiş mentorlarla paylaşmaq olub. Bu mübadilə təlimində iştirakçılar mentorun vəzifə və məsuliyyətləri, fəaliyyət və tədris planının işlənilməsi, Məşvərət Şurasının əsasnaməsinin tərtibi, özəl şirkətlərlə memorandum və müqavilələrin hazırlanması, kurikulum və təlim modullarının tərtibi, tələbələrin şəxsi keyfiyyətlərinin müəyyən edilməsi və ixtisasla əlaqələndirilməsi mövzuları üzrə bilik və bacarıqlarını artırıblar.

Təlim proqramının ilk günündə, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin I korpusundan olan mentorlar Qəbələdə yerləşən dualabənzər pilotun tətbiqində peşə təhsil müəssisəsi ilə əməkdaşlıq edən və müəssisənin tələbələrinə şirkətdaxili təlimlər keçən “Riverside Hotel”də turizm sahəsi üzrə ekskursiyada iştirak ediblər. Təlimin növbəti günündə isə, mentorlar İsmayıllıda yerləşən “Aqrolozing” ACS və “İsmayıllı şərab – 2” ASC-ə təşkil olunan ekskursiyada olublar.

Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi layihəsi Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyəşdirilir və 2017-2023-ci illəri əhatə edir. Layihənin modul hədəfi məşğulluq üçün uyğun seçilmiş sektorlarda davamlı iqtisadi inkişafın şərtlərini təkmilləşdirməkdir. Proqramın məqsədi məşğulluq üçün uyğun seçilmiş sektorlarda rəqabətlilik bacarığını yaxşılaşdırmaq, özəl və dövlət sektorun nümayəndələrinin əməkdaşlığını inkişaf etdirmək, özəl sektorun davamlı inkişafı və duala bənzər peşə təlimi sahəsində regional və beynəlxalq təcrübənin mübadiləsini gücləndirməkdən ibarətdir.