30 noyabr tarixində “WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında ölkəmizi təmsil edəcək gənclərin müəyyən edilməsi üçün aşpazlıq üzrə Milli müsabiqənin III mərhələsinin qalibləri müəyyənləşib.
Qiymətləndirmə “WorldSkills International” təşkilatinın qoyduğu peşə standartlarına əsasən həyata keçirilib. 2 saatdan çox çəkən qiymətləndirmənin sonunda, Abdulla Abdullayev, Emil Zeynalzadə, Yaqut Şəkizadə, Kamilla Kasimova və Leyla Vəliyeva növbəti mərhələyə vəsiqə qazanıb. Uğur qazanan iştirakçılar "CÀSÀ" Kulinariya Mərkəzində ödənişsiz əsaslarla təlim-təcrübə proqramına qoşulacaq və təcrübə proqramının sonunda, imtahanların nəticələrinə əsasən, 5 nəfərdən 3-ü Final mərhələsinə doğru irəliləyəcək.
Qiymətləndirmə 3 istiqamət üzrə aparılıb. Belə ki, I istiqamət üzrə düzgün uniforma, şəxsi gigiyena, təhlükəsizlik qaydalarına riayət, həmçinin işləmə masasının texniki təchizatı və təmizliyi qiymətləndirilib. II istiqamətdə inqrediyentlərin hazırlanma bacarıqları, onlardan istifadə qaydası, dəqiqlik, bıçaqla işləmə texnikaları, düzgün ləvazimat və avadanlıq seçimləri incələnib. Sonuncu istiqamət əsas qiymətləndirmə hissəsi hesab olunur. Burada hazırlanan əsas yeməyin və salatın dadı, teksturası, təqdimatı, iştirakçıların yaradıcı qabiliyyəti və onlar tərəfindən təqdim olunan yeməklərin hazırlama prosedurunun izah olunma bacarıqları nəzərdən keçirilir.
Final mərhələsinin sonunda qalib şəxs “CÀSÀ” Kulinariya Mərkəzi tərəfindən "Diplom Proqramları" üçün təqaüd əldə edəcək və önümüzdəki ilin 12-17 oktyabr tarixlərində Azərbaycanı “WorldSkills Shanghai 2022” bacarıq yarışlarında təmsil etmə hüququ qazanacaq.
Qeyd edək ki, müraciətçilər arasında III mərhələyə keçid hüququ qazanmış 20 iştirakçı 3 saat 30 dəqiqə ərzində sirli qutuda təqdim edilən inqrediyentlərdən istifadə etməklə bir salat və bir əsas yemək növü hazırlayıblar. Bununla yanaşı, verilən müddət ərzində iştirakçılardan bişirdikləri yeməklərin adlarını, istifadə etdikləri inqrediyentləri və bişirmə prosesini qeyd etmələri tələb edilib. Həm yerli, həm də beynəlxalq dərəcəli peşəkar aşpazlardan ibarət olan münsiflər heyətinin üzvləri arasında Kelvin Çonq, Lyuter Meytlənd, Frederik Daleyne, Orxan Muxtarov, Sabinə Məhərrəmova və Tariel Quliyev yer alıb.
Müsabiqə Peşə Təhsili üzrə Dövlət Agentliyi, “WorldSkills Azerbaijan” platforması və “CÀSÀ” Kulinariya Mərkəzinin əməkdaşlığı çərçivəsində həyata keçirilir. Ümumilikdə V mərhələdən ibarət olan Milli müsabiqəyə 168 şəxs qeydiyyatdan keçib.
“WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.